Ermənistanda seçkiöncəsi vəziyyət gərginləşir-ŞƏRH
Ermənistan Baş naziri Nikol Paşinyan "Güclü Ermənistan" blokunun lideri, biznesmen Samvel Karapetyanı casusluq fəaliyyətində və ölkənin dövlət maraqlarına zidd hərəkətlərdə ittiham edib.
Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında baş verən siyasi gərginlik fonunda Ermənistandakı qütbləşmənin artıq fərqli müstəviyə keçdiyini bildirib:
“Paşinyanın Samvel Karapetyanı casusluqda ittiham etməsi Ermənistanda siyasi parçalanmanın artıq adi hakimiyyət müxalifət rəqabəti səviyyəsindən çıxdığını göstərir. Bu, həm də seçki öncəsi daxili mübarizənin “vətənə sədaqət” və “xarici təsir” xətti üzərindən aparıldığını göstərən ciddi siqnaldır. Karapetyanın Rusiyaya yaxın fiqur kimi təqdim olunması Paşinyana öz elektoratını səfərbər etmək, rəqiblərini isə Moskvanın təsir aləti kimi göstərmək imkanı verir. Xüsusilə, Ermənistanın Aİ və ABŞ ilə yaxınlaşdığı, Rusiya ilə münasibətlərin gərginləşdiyi bir mərhələdə bu ittihamlar daxili siyasətin birbaşa geopolitik mübarizə meydanına çevrildiyini nümayiş etdirir”.
Ekspertin fikrincə, mövcud şərtlər daxilində Paşinyanın yenidən seçilmə ehtimalı realdır. Onun əsas üstünlüyü rəqiblərinin parçalanması və Qərbyönlü kursu “Ermənistanın xilası” kimi təqdim etməsidir:
“Amma bu qələbə rahat görünmür, çünki Qarabağ məsələsi, Azərbaycanla sülh sazişi, konstitusiya dəyişikliyi və Rusiyadan uzaqlaşma cəmiyyətdə ciddi narazılıq yaradır. Hakimiyyət dəyişərsə, ritorikada sərtləşmə, Rusiya ilə münasibətlərin bərpası və Azərbaycanla danışıqlarda daha emosional xətt mümkündür. Lakin Ermənistanın iqtisadi zəifliyi, regional reallıqlar və sülh gündəliyinin beynəlxalq dəstəyi səbəbindən tam kəskin dönüş ehtimalı məhduddur. Yəni hakimiyyət dəyişikliyi olsa belə, Ermənistanın manevr imkanları əvvəlki kimi geniş deyil”.
Zəri Bayramlı