Ermənistanın Aİ və AİB arasındakı manevrləri Moskvada şübhə doğurur -AÇIQLAMA
Ermənistanın xarici siyasətində qeyri-müəyyənlik və axtarışlar davam edir. Baş nazir Nikol Paşinyan Avropa İttifaqına üzvlük üzrə referendumun keçirilmə şərtlərini açıqlayıb. O bildirib ki, referendum yalnız institusional hazırlıqlar başa çatdıqdan və rəsmi müraciət edildikdən sonra baş tuta bilər. Paşinyan həmçinin xalq üçün Aİ və Avrasiya İqtisadi Birliyindən başqa alternativ yolların da olduğunu deyib. İrəvanın bu manevrləri nəyə hesablanıb?
Mövzu ilə bağlı siyasi şərhçi Zeynal Əmrəliyev "İnformator.az"a bildirib ki, Ermənistanın Avropa Birliyinə üzvlüklə bağlı referendum keçirməsi Nikol Paşinyanın özünün hakimiyyətə gələrkən elan etdiyi siyasi kursa uyğun şəkildədir:
"Ancaq burada bir məsələ var ki, Rusiya tərəfi dəfələrlə Ermənistan Avropa Birliyinə üzv olarsa, bu ölkənin Avrasiya İqtisadi Birliyindəki üzvlük məsələsinin dondurulacağı ilə bağlı konkret şəkildə İrəvana xəbərdarlıq edib".
Əmrəliyev vurğulayıb ki, bu məsələni İrəvanın necə tənzimləyəcəyi hazırda aktualdır:
"Çünki rəsmi İrəvan Avrasiya İqtisadi Birliyinə üzvlük məsələsinin də qalacağını, yəni Ermənistanın bu ittifaqdan çıxmayacağını və eyni zamanda Avropa İttifaqına üzvlüklə bağlı da bir tərəfdə prosesin başlanacağını bildirib. Bu, əlbəttə ki, Moskvada müəyyən dərəcədə şübhələr doğurur. Belə görünür ki, Paşinyan hökuməti Avropa İttifaqına üzvlüyü tam qarantiya etmədiyi üçün Avrasiya Birliyindən də çıxmağa tələsmir".
Siyasi şərhçi qeyd edib ki, əgər Avropa İttifaqına üzvlük məsələsi tam şəkildə həll edilərsə, bu zaman Ermənistan Avrasiya Birliyini tərk edəcək:
"Bu da istər-istəməz Rusiyada müəyyən dərəcədə fikir haqqlarının yaranmasına gətirib çıxarır ki, nəyə görə İrəvan belə bir xətt aparır. Bu, konkret şəkildə Avrasiya birliyini bəyənməmək və Rusiyanın orbitinə daxil olan təşkilatlara bir növ diş göstərməkdir".
Əmrəliyev bildirib ki, bu, təbii ki, Moskva tərəfindən qane olunacaq bir vəziyyət deyil:
"Əgər Ermənistan tərəfi Avropa İttifaqına üzvlüklə bağlı konkret şəkildə addımlar atarsa və hətta bununla bağlı referendum keçirərsə, o zaman Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünün ləğv edilməsi, yəni rəsmi İrəvanın bu birlikdən xaric edilməsi istiqamətində Rusiya tərəfindən konkret şəkildə addımlar atılacaq".
Siyasi şərhçi Ermənistanın Avrasiya İqtisadi Birliyinə daxil olan bəzi ölkələrlə,xüsusilə, Belarusla münasibətlərində müəyyən dərəcədə fikir ayrılıqları olacağını söyləyir.
Mehriban Yariyeva