Ermənistanın Avropa xülyası- Moskva ilə bağlar qırılacaq?
“Ermənistanın Avropa İttifaqına üz tutması daha çox siyasi manevrə bənzəyir”.
Bu sözləri politoloq Tofiq Abbasov “İnformator.az”a açıqlamasında bildirib.
O, həmçinin qeyd edib ki, Ermənistanın Avropaya inteqrasiya prosesi çətin və ziddiyyətli bir yol kimi qiymətləndirilir:
“Baxmayaraq ki, Ermənistan cəmiyyəti Avropaya inteqrasiya məsələsinə müsbət rəy verib və bu, qanunverici səviyyədə təsdiqlənib, bu yolun maneəsiz və hamar olduğunu demək qeyri-mümkündür. Əksinə, bu proses son dərəcə problemli və məşəqqətli bir yol kimi görünür. İlk növbədə ona görə ki, Ermənistan hələ də Avrasiya məkanından uzaqlaşmayıb və eyni anda iki stulda oturmaq cəhdləri göstərir. Aprelin əvvəlində Moskvada olarkən Rusiya prezidenti Vladimir Putin də Ermənistan rəhbərliyinə xatırladıb ki, onların yaratdığı iqtisadi məkandan çıxmadan Avropa İttifaqına daxil olmaq mümkün deyil və konkret seçim edilməlidir. Ermənistanın isə "hələ ki, bu vəziyyət bizi qane edir" yanaşması faktiki olaraq ikili standartlara riayət etmək cəhdidir. Bu vəziyyət vaxtilə Serj Sarkisyanın Aİ ilə assosiativ saziş imzalamaq istədiyi dövrü xatırladır. O zaman Moskva Ermənistana xəbərdarlıq edərək bildirib ki, təhlükəsizlik və hərbi-sənaye məsələləri Rusiyanın ixtiyarında qalmalıdır. Nəticədə, Ermənistan yarımçıq bir sənədə qol çəkib və ondan heç bir real səmərə görməyib. İndi də Ermənistan rəhbərliyi eyni yolla getmək istəyir və sanki Avropada onları xüsusi maraqla gözləyirlər kimi bir təəssürat yaradır. Lakin bu, daha çox xülyaya bənzəyir. Çünki Ermənistanın dolanışığını və iqtisadiyyatını müəyyən edən əsas amillər Rusiya və digər postsovet ölkələridir. Onlar Ermənistana vergi və gömrük məsələlərində kifayət qədər imtiyazlı şərait yaradırlar ki, bu da ölkəyə xərclərini azaltmağa və qazanc əldə etməyə imkan verir. Aİ-yə inteqrasiya isə bütün bu üstünlüklərin itirilməsi və daha mürəkkəb iqtisadi şərtlərlə üzləşmək deməkdir”.
Ekspert qeyd edib ki, Rusiya sadəcə prosesi kənardan izləməyə üstünlük verə bilər:
“Digər tərəfdən, rəsmi Brüssel də Ermənistanı bu qədər ağır və problemli yükü ilə qəbul etməkdə maraqlı deyil. Hazırda Aİ-nin özü kifayət qədər ağır durumdadır və müxtəlif daxili sıxıntılar yaşayır. Macarıstan, Slovakiya və bəzi hallarda Polşa kimi ölkələr artıq Aİ-nin xərclərinin azaldılmasını, Ukraynaya və başqalarına ayrılan vəsaitlərin məhdudlaşdırılmasını tələb edirlər. Rusiya isə bu məsələdə kəskin manevrlər etməyəcək, çünki Ermənistanın bu gedişi özlüyündə problemlidir. İqtisadi məsələləri siyasi yanaşma ilə həll etmək mümkün deyil. Bu vəziyyətdə geoiqtisadi göstəricilər daha önəmli rol oynayır. Əgər həqiqətən də Ermənistanın xeyrinə olacaqsa, ola bilsin ki, özünün geosiyasi gedişlərini yüngülləşdirə bilər. Moskva, çox ehtimal ki, Ermənistanın seçdiyi bu yolda səhvləri bir-birilə əvəz etməsini kənardan izləyəcək. Bu səbəbdən də mən Ermənistan üçün hamar bir gediş və hədəfə asanlıqla çatma imkanı görmürəm”.

Lalə Qurbanlı