Azərbaycan-İtaliya əlaqələrində yeni səhifə-ŞƏRH
İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana rəsmi səfəri Bakı və Roma arasındakı strateji tərəfdaşlığı yeni mərhələyə yüksəlməsindən xəbər verir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlərdə mövcud əlaqələrin vəziyyəti geniş müzakirə olunub, gələcək əməkdaşlıq perspektivləri diqqət mərkəzində saxlanılıb.
Mövzu ilə bağlı siyası şərhçi Abutalıb Səmədov “İnformator.az”a bildirib ki, İtaliya Baş nazirinin Azərbaycana səfəri ilk növbədə Avropa İttifaqının Cənubi Qafqazda təsirinin artmasına və Rusiyanın bu bölgədən çıxarılmasına xidmət edən addımdır:
“Məlumdur ki, Avropa İttifaqı Rusiya qazından 2027-ci ildə imtina etmək barədə qərar qəbul edib və burada Avropanın qazla təchizatında Azərbaycan mühüm rol oynayır. Azərbaycan qazı Trans-Adriatik boru kəməri vasitəsilə Avropaya, deməli, yönləndirilir və İtaliya bu kəmərdə son nöqtədir. Bu səfər enerji təhlükəsizliyi baxımından da mühüm əhəmiyyətə malik səfərdir.Səfərin mühüm məqamlarından biri də regional təhlükəsizlikdir. Hazırda Cənubi Qafqazdakı proseslər baxımından bu səfərin əhəmiyyəti böyükdür. İtaliya Avropa İttifaqının əsas ölkələrindən biri kimi Azərbaycan-Ermənistan sülh sazişinin imzalanmasında mühüm rol oynaya biləcək dövlətlərdən biridir və yəqin ki, bundan sonra da bu istiqamətdə onun, deməli, rolu bir az da artacaq".
Siyasi şərhçi bu səfərin Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətinin artdığının sübutu olduğu bildirib:
“Nəhayət, dördüncü mühüm istiqamət Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətinin artmasıdır. Məlumdur ki, Orta Dəhliz Çini, Mərkəzi Asiyanı Avropa ilə birləşdirir. Ermənistanın da Qərbə yönələn siyasəti ümid etməyə imkan verir ki, gələcəkdə Rusiyanın Cənubi Qafqazda təsiri xeyli azalacaq, əvəzində Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları bölgədə daha da möhkəmlənəcəklər”.
Səfərin perspektivlərini şərh edən Abutalıb Səmədov Bakı ziyarətinin ikitərəfli əlaqələri yeni müstəviyə daşıyacağını bildirib:
“Meloninin Bakıya bu səfəri iAzərbaycanla İtaliya arasında digər sahələrdə əməkdaşlığı möhkəmləndirəcək. Söhbət həm bərpa olunan enerjidən, həm sənaye və texnologiyalar sahələrinə aiddir. İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyəti bundan sonra güclənə bilər. Strateji tərəfdaşlıq dərinləşə bilər. Avropa istiqaməti bir qədər də güclənər və Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin inkişafına şərait yarada bilər. Səfər Orta Dəhliz və Avropa-Asiya ticarət xəttində əməkdaşlığın artacağını bir daha göstərib və buna çox böyük ümidlər yaradıb”.
Zəri Bayramlı