Rusiya Fars körfəzində vasitəçilik etməyə hazır olduğunu bildirib- ŞƏRH
"Rusiya Fars körfəzi bölgəsində yaranan fikir ayrılıqlarının həllinə siyasi-diplomatik vasitələrlə yardım etməyə hazırdır", - Zaxarova qeyd edib.
Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu "İnformator.az"a açıqlamasında bildirib ki, Rusiyanın həm İranla, həm də ABŞ ilə müəyyən ünsiyyət kanallarına malik olması diqqət çəkir:
"Rusiyanın Fars körfəzi regionunda vəziyyətin normallaşdırılması istiqamətində vasitəçilik imkanları nəzəri baxımdan mövcuddur. Münaqişənin əvvəlində İranın vasitəçi kimi əsasən Çin və Rusiyaya üstünlük verdiyini bildirməsi də bunu göstərir. Tehran bu ölkələrlə daha etibarlı münasibətlərin mövcud olduğunu vurğulayaraq, məhz onların iştirakı ilə danışıqlara açıq olduğunu ifadə edib. Rusiyanın həm İranla, həm də ABŞ ilə müəyyən ünsiyyət kanallarına malik olması diqqət çəkir. ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında son telefon danışığında Körfəz bölgəsindəki vəziyyətin də müzakirə olunması əhəmiyyətlidir. Bu, Moskvanın tərəflər arasında mövqelərin çatdırılması və vasitəçi kimi çıxış etməsi üçün imkan yaradır".
Politoloq qeyd edib ki, məsələnin praktiki tərəfi daha mürəkkəbdir. Fars körfəzi strateji əhəmiyyətə malik regiondur və burada həm ABŞ, həm də Rusiyanın maraqları toqquşur:
" Bu səbəbdən Vaşinqtonun Moskvanın vasitəçiliyinə necə yanaşacağı açıq sual olaraq qalır. ABŞ Rusiyanın İran üzərində təsir imkanlarını nəzərə alaraq müəyyən kompromisə nail olmaq üçün bu vasitəçiliyi qəbul edə bilər. Hazırda tərəflər arasında bəzi yumşalma siqnalları da müşahidə olunur. Məsələn, İranın nüvə proqramının dondurulması ilə bağlı müddət ətrafında müzakirələr davam edir və tərəflər əvvəlki mövqelərlə müqayisədə daha yaxın variantlar üzərində dayanırlar. Bu isə müəyyən güzəştlərin mümkün olduğunu göstərir. Rusiyanın bu prosesdə iştirakı onun regiondakı geosiyasi mövqelərini gücləndirə bilər. Buna görə də, ilkin mərhələdə ABŞ və Rusiya arasında dialoqun qurulması, ortaq məqamların müəyyənləşdirilməsi daha real görünür. Sonra Moskva vasitəçi kimi prosesə qoşula bilər. Bu təşəbbüs hələlik Rusiyanın təklifi olaraq qalır və onun real nəticə verib-verməyəcəyi tərəflərin siyasi iradəsindən asılı olacaq".
Səmayə Səftərova