Ermənistan-Aİ münasibətlərinin inkişafı müzakirə edilib
Ermənistan-Aİ əlaqələrinin inkişafı məsələləri, həmçinin ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə edilib. Tərəflər ikitərəfli əlaqələrdə formalaşan dinamikanı müsbət qiymətləndiriblər və ümumi dəyərlər və strateji maraqlar əsasında əməkdaşlığın inkişafına sadiqliklərini təsdiq ediblər.
Mövzu ilə bağlı Milli Məclisin Deputatı Arzuxan Əlizadə "İnformator.az"a açıqlamasında bildirib ki, Rusiyanın Ermənistana təsir imkanları olduqca yüksəkdir:
"Ermənistan - Avropa İttifaqı münasibətləri uzun müddətdir ki, ciddi müzakirə mövzusudur. Bu münasibətlər əsasən 2017-ci ildə Ermənistanla Avropa İttifaqı arasında imzalanmış və hərtərəfli genişləndirilən Tərəfdaşlıq Sazişi ilə tənzimlənir. Həmin sənəddə əks olunan bir çox məsələlər, xüsusilə də, Ermənistanla intensiv dostluq və tərəfdaşlıq xarakterli əlaqələr müzakirə predmetidir. Elə həmin dövrdən etibarən daha sıx münasibətlərin qurulması istiqamətində addımlar atılmağa başlanıb. Xüsusilə 2018-ci ildən sonra Ermənistanda hakimiyyət dəyişikliyindən sonra onu hakimiyyətə gətirən və dəstək verən Qərb dairələri Paşinyan hakimiyyətinin üzərinə olduqca ciddi bir missiya qoyublar. Bu missiya Avropa İttifaqı ilə münasibətlərin yaxşılaşdırılması və Rusiyadan uzaqlaşma siyasətinin yürüdülməsidir. Bu isə kifayət qədər riskli bir missiyadır. Çünki məlumdur ki, Ermənistan uzun illərdir tam mənada Rusiyadan asılı vəziyyətdə mövcudluğunu qoruyub saxlayıb. Ölkənin iqtisadiyyatı Rusiyadan asılıdır, Rusiya hərbi bazaları Ermənistan ərazisində yerləşir, kommunikasiyalar baxımından da ciddi asılılıq mövcuddur və Rusiyanın Ermənistana təsir imkanları olduqca yüksəkdir. 2018-ci ildən sonrakı dövrdə, xüsusilə də son illərdə Paşinyan yürütdüyü siyasətlə tədricən Rusiyadan uzaqlaşmağa, Rusiya təsirindən çıxaraq Avropaya yönəlik siyasət həyata keçirməyə çalışır. Ermənistan Avropa İttifaqından maliyyə yardımları da almaqdadır. Ermənistan Baş nazirinin aparat rəhbəri Arayik Arutyunyan Avropa Xarici Fəaliyyət Xidmətinin siyasi məsələlər üzrə baş katibinin müavini ilə görüş keçirib. Görüşdə Avropa İttifaqının nümayəndə heyəti ilə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Ermənistan-Avropa İttifaqı münasibətlərinin inkişaf perspektivləri, əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları dəyərləndirilib və tərəflər strateji maraqlar əsasında əməkdaşlığın inkişafına sadiqlik nümayiş etdiriblər. Bütün bu addımlar və yürüdülən siyasət Paşinyan administrasiyası tərəfindən konkret olaraq Rusiyadan uzaqlaşmaq və Avropa İttifaqına yönəlik siyasi kursun sərgilənməsi kimi qiymətləndirilə bilər”.
Ekspertin sözlərinə görə,bu siyasəti Rusiya müsbət qarşılamayacaq:
"Hesab edirəm ki, Rusiya Ermənistana təsir rıçaqlarını işə salacaq. Zaman-zaman Rusiya rəsmilərinin istər xarici işlər naziri Sergey Lavrovun, istər sözçü Mariya Zaxarovanın, eləcə də Dmitri Peskov və digər siyasi fiqurların açıqlamaları da bunu təsdiqləyir. Bu açıqlamalarda Ermənistanın Avropaya həddindən artıq yaxınlaşmasının və Rusiyadan uzaqlaşmasının onun üçün ciddi nəticələr doğura biləcəyi barədə açıq və ya gizli təhdid xarakterli mesajlar verilir. Lakin istənilən halda, Rusiyanın Cənubi Qafqazda və daha geniş miqyasda zəifləməsi fonunda Ermənistanın yürütdüyü siyasət Avropa İttifaqı ilə yaxın münasibətlər qurmaq və müəyyən mənada siyasi sığınacaq tapmaq məqsədi daşıyır. Xatırladaq ki, İkinci Qarabağ müharibəsindən sonra Paşinyan belə bir açıqlama vermişdi: “Biz bu vaxta qədər təhlükəsizlik yastığımızı yalnız Rusiyaya həvalə etməklə böyük səhvə yol vermişik". Ermənistan rəhbərliyi hesab edirdi ki, Rusiya Azərbaycan torpaqlarının işğalına birbaşa və ya dolayı dəstək verdiyinə görə Ermənistanın təhlükəsizliyini də öz üzərinə götürməli idi. Lakin nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, nə də Avrasiya İqtisadi İttifaqı vasitəsilə Ermənistana gözlənilən dəstək verilmədi. Bu səbəbdən Paşinyan təhlükəsizlik siyasətinin diversifikasiya edilməsinin, Avropa ölkələri və digər dövlətlərlə əməkdaşlığın genişləndirilməsinin daha doğru olduğunu bəyan edib və hazırda da bu siyasət davam etdirilir. İstənilən halda, Ermənistan bundan sonrakı mərhələdə özünü Avropanın bir parçası kimi görmək və siyasətini bu istiqamətdə qurmaq istəyir. Lakin bütün bunlar regionun əsas gücləri olan, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması fonunda və onların mövqeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Əks halda, Ermənistan bu siyasətdən real nəticə əldə edə bilməz".
Xədicə Məhərrəmli
