“Bu cür mövqe tarixi bilgisizlik və qərəzli yanaşmanın nəticəsidir” - ŞƏRH
Nyu-York şəhərinin meri Zöhran Kvame Mamdaninin Azərbaycan və regionla bağlı “X” platformasında səsləndirdiyi fikirlər dünya azərbaycanlılarının etirazına səbəb olub. Bununla bağlı petisiya başladılıb və təşəbbüsün əsas məqsədinin beynəlxalq ictimaiyyətin diqqətini məsələyə yönəltmək olduğu bildirilir.
Mövzu ilə bağlı politoloq Aydın Quliyev “İnformator.az”a açıqlamasında bildirib ki, bu cür mövqe ya tarixi bilgisizlikdən, ya da qərəzli yanaşmadan irəli gələ bilər:
“Nyu-York merinin səsləndirdiyi fikirlər Azərbaycan və ümumilikdə türk dünyasına qarşı yanlış və əsassız yanaşmanı əks etdirir. Bu ya tarixi biliklərin yetərsizliyindən, ya da müəyyən maraqlı qrupların təsiri ilə formalaşan qərəzli mövqedən qaynaqlana bilər. Hər iki halda bu cür açıqlamalar reallığı əks etdirmir və cəmiyyətlər arasında qarşılıqlı anlaşmaya xidmət etmir. Əksinə, bu kimi fikirlər mövcud həssas məsələlər ətrafında gərginliyi artırır və yanlış təsəvvürlərin formalaşmasına səbəb olur. Eyni zamanda, regionun mürəkkəb tarixi və siyasi proseslərini nəzərə almadan birtərəfli mövqe sərgiləmək düzgün yanaşma deyil. Bu cür çıxışlar beynəlxalq ictimaiyyətdə yanlış rəy yarada və hadisələrin mahiyyətini təhrif edə bilər”.
Politoloq qeyd edib ki, regionun tarixi proseslərinə obyektiv yanaşma vacibdir və birtərəfli mövqelər reallığı əks etdirmir:
“Tarixi hadisələrə selektiv yanaşma və yalnız bir tərəfin mövqeyini qabartmaq beynəlxalq ictimaiyyətdə yanlış təsəvvür yaradır. Xüsusilə Qarabağ münaqişəsi və Xocalı hadisələri kimi faktlar nəzərə alınmadan səsləndirilən fikirlər balanslı yanaşma sayıla bilməz. Belə hallarda ictimai reaksiyanın verilməsi və həqiqətlərin çatdırılması mühüm əhəmiyyət daşıyır. Başladılan petisiya məhz bu məqsədə xidmət edir: beynəlxalq ictimaiyyətə obyektiv məlumatların çatdırılması və yanlış mövqelərin düzəldilməsinə nail olmaq. Bu cür təşəbbüslər informasiya mübarizəsinin vacib elementidir”.
Ayşə Müzəfərli