Putin Trampla danışdı: Atəşkəs elan etməyə hazırdır- ŞƏRH
ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.
Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. O qeyd edib ki, Putin həmkarına Qələbə Günü şənlikləri zamanı Ukrayna ilə atəşkəs elan etməyə hazır olduğunu bəyan edib.
Mövzu ilə bağlı “İnformator. az”a açıqlamasında politoloq Tural İrfan bildirib ki, ABŞ ilə İran arasında danışıqların baş tutması yaxud ümumiyyətlə müsbət nəticələrin əldə olunması mürəkkəb olaraq qalır:
“Rusiyadan əvvəl Pakistanın da vasitəsilə bir sıra görüşlər və müzakirələr aparıldı. Lakin tərəflər geri çəkilmədi və hər ikisi özünü qalib elan etdi. Belə bir şəraitdə Rusiyanın da cəhdləri mənasız görünür. Xüsusən Rusiya tərəfi məlumdur ki, İranı müdafiə edir. Belə olduğu halda İsrailin rolu bütün prosesləri əhəmiyyətli dərəcədə dəyişə bilir. Rusiya yaxud digər vasitəçi əgər real razılıq əldə olunmasına real cəhd edirsə, belə çıxır ki, mütləq ABŞ ilə paralel İsraillə də danışmalıdır. İsrail dəfələrlə ABŞ-ni gəldiyi qənaətdən yayındırıb, hətta Prezident Trampa təzyiqlərdən də çəkinməyib. Epşteyn dosyasının açılması kimi nüansları bilavasitə bu mövzu ilə əlaqədar hesab edənlər var. Atəşkəsin elan olunması və hansısa bir razılaşma əldə olunması üçün İran hakimiyyətinin haçalanan qollarının hər biri ilə ayrıca razılıq olmalıdır. Çünki orada qərarlar bir mənbədən verilmir və dövlət bir dairədən idarə olunmur. İranda artıq elə bir durum yaranıb ki, danışıqlarda iştirak edən tərəfləri satqın yaxud müxalif qəbul edirlər. Bu, əsasən SEPAH-ın səlahiyyətliləri vasitəsilə belə ifadə olunur. Yeri gəldikdə prezidenti və xarici işlər nazirini belə təhdid etməkdən çəkinmirlər. Bu kimi reallıqlar Rusiya lideri ilə Trampın telefon danışığı vasitəsilə hansısa nailiyyətlər əldə olunmasına gümanı azaldır. Tərəflər bir-birinə inanmır, şərtlərdən də geri çəkilmir. Hər bir halda Rusiya prezidentinin səyi nəticəsində müvəqqəti atəşkəs əldə olunsa belə İran yenə də bunu ABŞ-nin geri çəkilməsi və məğlubiyyəti kimi ifadə edəcək. Nəticədə müharibə yenə də qaçılmaz olacaq. Xüsusən İsrailin təkidləri qarşısında vəziyyətin gərgin olaraq davam edəcəyi gözlənilir”.
Nurgün Qənizadə