00:00:00
Yazar
Admin User
09.02.2015 10:18 715 3 dəq oxuma
Dünya

Ermənistan yanlış iqtisadi “siyasət”də boğulur

Ermənistan son illərdə ağır iqtisadi vəziyyətə düşüb. İstər obyektiv, istərsə də subyektiv baxımdan bunun səbəbləri çoxdur.
Ermənistan yanlış iqtisadi “siyasət”də boğulur


Ermənistan son illərdə ağır iqtisadi vəziyyətə düşüb. Istər obyektiv, istərsə də subyektiv baxımdan bunun səbəbləri çoxdur. Ermənistanın analitik.am saytı bu ölkənin iqtisadi vəziyyətinə dair ictimai mövqeyi aydınlaşdırmaq üçün “Gənc diplimatlar klubu” ictimai taşkilatının sədri Serop Gevorkyandan müsahibə alıb. Müsahibəni bütövlükdə təqdim edirik.

Sabir Babayev, İnformator

Müxbir: “Ermənistanın indiki iqtisadi vəziyyətini necə qiymətləndirirsiniz”?

Gevorkyan:
“Ermənistanın iqtisadi vəziyyəti bu gün olduqca ağır və faciəli vəziyyətdədir ki, bu da təbii ki, yanlış iqtisadi “siyasətin” nəticəsidir. Ölkənin iqtisadi vəziyyətinə qiymət vermək üçün sadəcə bir neçə mühüm məsələyə nəzər sala bilərik. Ölkədə yoxsuluğun səviyyəsi ikiqat, yaxud üçqat yüksəlib, sosial cəhətdən aztəminatlı ailələrin sayı bir neçə dəfə artıb, xalqın əksər hissəsi minimal xərclər üçün pul qazana bilmir, işsizlik dəhşətli həddə çatıb, kiçik və orta biznes demək olar məhv olma həddindədir, orta səviyyədən yuxarı olan iş adamları isə öz bizneslərini daha təminatlı ölkələrə daşıyırlar və analoqu olmayan miqrasiyanı da bütün bunlara əlavə etsək, onda iqtisadi vəziyyətin partlayış təhlükəli və məhvə doğru gedən iqtisadiyyat kimi qiymətləndirmək olar.

Müxbir: “Necə düşünürsünüz, Ermənistan iqtisadiyyatının vəziyyəti qonşu ölkələrlə münasibətlərindən nə dərəcədə asılıdır”?

Gevorkyan:
“Ermənistanın iqtisadi vəziyyəti istisnasız Ermənistan Respublikasından, xüsusən iqtisadi idarəetmə mexanizmindən asılıdır. Qonşu ölkələrin təsiri, əlbəttə, bu və ya digər dərəcədə mövcuddur. Lakin bütün bunları bununla əlaqələndirmək absurd olardı. Əgər sənin ölkəndə haqsızlıq və korrupsiya ağılasığmaz dərəcəyə çatıbsa, milyonlarla dollar dolayısı qaydada bir neçəsinin cibinə dolursa və ölkədə dövlət pulları səmərəsiz xərclənirsə, onda buyurun, deyin, hansı qonşu ölkə bunun qarşısını almalıdır? Dövlət borcu icazə verilən həddə yaxınlaşırsa, kiçik və orta biznes demək olar ki, məhv olursa və inhisarçılar dövləti himayəsinə alırlarsa, onda buyurun, deyin, bu barədə hansı qonşu düşünməlidir və yuxarıda xatırladılan problemləri həll etmək üçün hansı qonşu mane olmalı, yaxud kömək etməlidir? Dünyada müxtəlif məlum nümunələri götürək. İsrailin bütün qonşu ölkələrlə problemi olduğu halda, sabit və möhkəm iqtisadiyyatı var, daha çox inkişaf etmiş ölkələrlə rəqabətə qadirdir. Yaxud gəlin qonşu Türkiyədən danışaq. Bu gün Türkiyənin demək olar bütün qonşuları ilə problemləri var, lakin dünyada 17-ci yerdə olan böyük iqtisadiyyata malikdir. Belə ki, bütün bunları qonşularla əlaqələndirmək absurd olardı, bu, istisnasız, bizim yanlış iqtisadi-siyasətimizin nəticəsidir”.

Müxbir: “Xalqın iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün nə kimi addımlar atmaq lazımdır”?

Gevorkyan:
“Xalqın iqtisadi vəziyyəti bir və ya bir neçə amillərlə deyil, iş yerlərinin, azad iqtisadi rəqabətin yaranması, kiçik və orta biznesin inkişafı və dövlət yardımı, minimum əmək haqqının yüksəldilməsi, sosial proqramların gerçəkləşdirilməsi, yeni biznes proqramlarının həyata keçirilməsi və digər çoxsaylı proqramlarla əlaqədardır. Bütün bunları həyata keçirmək üçün prioritet və ən mühüm məsələ, təbii ki, siyasi və iqtisadi inhisarçılığı aradan qaldırmaq və mövcud idarəetmə mexanizmini dəyişdirməkdir.

Müxbir: “Necə düşünürsünüz, Ermənistanda rifahlı yaşamaq üçün nə qədər pul lazımdır”?

Gevorkyan:
“Bilirsinizmi, bu halda sual yaranır: rifahlı həyat dedikdə nəyi başa düşmək istəyirsiniz? Əgər söz orta təbəqəyə aiddirsə, onda deyirəm ki, yaşamaq və rifahlı həyat sürmək baxımından ölkəmizdə orta təbəqə olmaq üçün minimum 3-4 min dollar lazımdır”.

Müxbir: “Ermənistanda işsizlik səviyyəsi olduqca yüksəkdir, necə düşünürsünüz, işsizliyin sayını azaltmaq və yeni iş yerləri yaratmaq üçün nə kimi tədbirlər görmək lazımdır”?

Gevorkyan: “Çox vacib sual verirsiniz. İşsizliyin səviyyəsini ixtisar etmək üçün, təəssüf ki, bir çox amillər zəruridir. Artıq yuxarıda qeyd etdiyim kimi, iş yerlərini yaratmaq və minimum əmək haqqını təmin etmək, biznes mühitini liberallaşdırmaq, vergi yükünü yüngülləşdirmək, kiçik və orta biznesə vergi imtiyazları vermək, inhisarçılara deyil, orta və kiçik biznesə dövlət yardımı lazımdır. İqtisadiyyatın inkişafı işində xarici investrlərin investisiyalarını cəlb etmək də az vacib deyil. Məncə, bunlar prioritet hesab olunan amillərdir”.

P.S: Göründüyü kimi, Gevorkyan Ermənistan iqtisadiyyatının faciəli vəziyyətdə olduğunu bildirib. Bəziləri isə bunun fəlakətli vəziyyətdə olduğunu söyləyirlər. Qeyd edirlər ki, iqtisadiyyat demək olar yoxdur. Ermənistan böyük hesabla kənar transverlər sayəsində yaşayır. 


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər