Ermənistanda dövlət çevrilişinə cəhdə görə 15 nəfər həbs edilib
Ermənistanda hakimiyyətin silahlı yolla ələ keçirilməsi cəhdi ilə bağlı artıq 15 nəfər həbs edilib.
"İnformator.az"ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin İstintaq Komitəsindən məlumat verilib.
Məlumata görə, məhkəmə istintaqın təqdim etdiyi bütün vəsatətləri təmin edib və təqsirləndirilən şəxslər, o cümlədən "Müqəddəs mübarizə" hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq Komitəsi bildirib ki, axtarışlar zamanı elektrik naqillərinə və internet rabitəsinə zərər vurmaq üçün nəzərdə tutulmuş çox sayda oddantəhlükəli əşyalar aşkar edilib.
Xatırladaq ki, iyunun 25-də Ermənistan İstintaq Komitəsi "Müqəddəs mübarizə" hərəkatının üzvləri tərəfindən hakimiyyəti ələ keçirməyə yönəlmiş terror aktlarının hazırlanmasının qarşısının alınması barədə məlumat yayıb. Arxiyepiskop Qalstanyan və tərəfdarlarının evlərində genişmiqyaslı axtarışlar aparılıb və həmin axşam məhkəmə onların həbsi barədə qərar çıxarılıb.