Eskalator təhlükəsi: Gündəlik istifadə etdiyimiz bu vasitə nə qədər risklidir?
Ticarət mərkəzlərində, metro stansiyalarında və digər ictimai yerlərdə tez-tez istifadə etdiyimiz eskalatorlar həyatımızı asanlaşdırsa da, düzgün istifadə edilmədikdə ciddi təhlükələr yarada bilər. Xüsusilə uşaqlar, yaşlılar və diqqətsiz davranan şəxslər üçün eskalatorlar qəza riskini artırır. Ayaqqabının sıxılması, paltarın ilişməsi və ya tarazlığın itirilməsi kimi hallar bəzən ağır xəsarətlərlə nəticələnir. Bəs bu təhlükələrin qarşısını necə almaq olar və insanlar eskalatordan istifadə edərkən hansı qaydalara əməl etməlidirlər?
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında təhlükəsizlik eksperti bildirib ki, eskalator bizə o qədər adi gəlir ki, çox vaxt onu ümumiyyətlə təhlükə kimi görmürük:
“Amma işin maraqlı tərəfi ondan ibarətdir ki, məhz bu rahatlıq hissi ən böyük təhlükələr yarada bilir. Eskalatorlara çox vaxt adi liftin açıq hissəsi kimi baxılır, amma peşəkar yanaşmada bu, davamlı hərəkətdə olan açıq mexanizm sistemidir.
Eskalator qəzalarının böyük əksəriyyəti texniki nasazlıqdan yox, insan davranışından qaynaqlanır. Ən riskli zonalar eskalatorun giriş və çıxış hissələridir. Burada istifadəçilər addımı düzgün tənzimləmədikdə ayağın ilişməsi, tarazlığın itməsi və yıxılma halları baş verir. Xüsusilə pik saatlarda bu cür hallar zəncirvari qəzaya səbəb ola bilər.
Eskalatorun kənar hissələri ilə bağlı da kritik məqamlar var. Pillə ilə yan panel arasında çox dar bir boşluq olur və bu sahə ayaqların, paltarların və aksesuarların sıxılması baxımından ən həssas nöqtədir. Bu tip hadisələr adətən gözlənilməz baş verir və ciddi xəsarətlərlə nəticələnir. Risk qruplarına gəldikdə isə uşaqlar və yaşlılar daha həssas kateqoriyalara daxildir. Uşaqlar davranışlarını tam nəzarətdə saxlamadıqları üçün, yaşlılar isə balans və reaksiya baxımından zəif olduqlarına görə daha yüksək risk altındadırlar. Təhlükəsizliyin təmin olunması isə çox sadə, amma prinsipial qaydalardan başlayır. İstifadəçi eskalatorda sabit dayanmalıdır, üzünü hərəkət istiqamətinə yönəltməlidir və mütləq əl tutacağından istifadə etməlidir. Diqqəti yayındıran faktorlar, xüsusilə mobil telefon istifadəsi minimuma endirilməlidir. Minmə və düşmə mərhələsində tələskənlikdən qaçınmaq lazımdır, çünki qəzaların böyük əksəriyyəti məhz bu keçid anlarında tələsmə səbəbindən baş verir.
Bundan əlavə, geyim və ayaqqabı seçimi də təhlükəsizlik baxımından mütləq nəzərə alınmalıdır. Uzun, boş geyimlər və açıq ayaqqabılar mexanizmə ilişmə riskini artırır və bu baxımdan diqqətli olunmalıdır. Eskalatorlar texniki baxımdan təhlükəsizlik standartlarına uyğun qurulsa da, ümumi risk səviyyəsi istifadəçinin davranışı ilə, yəni insan faktoru ilə birbaşa bağlıdır”.
Banuçiçək Məmmədova