"Euronews" Zəfərin beşinci ildönümünə həsr olunan paradan reportaj hazırlayıb
"Euronews" telekanalı Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərin 5-ci ildönümü münasibətilə Bakıda Azadlıq meydanında keçirilən hərbi paraddan reportaj hazırlayıb.
"İnformator.az" xəbər verir ki, materialda Azərbaycan Prezidenti İlham Əliyevin paradda səsləndirdiyi bəyanatlar xüsusi yer alıb. Qeyd edilir ki, qələbə strateji iqtisadi və hərbi nailiyyətlərin nəticəsi olub və Qarabağın bərpası üçün zəmin yaradıb.
Prezident İlham Əliyev həmçinin münaqişə zamanı dəstəyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Pakistan Baş naziri Şahbaz Şərifə təşəkkürünü bildirib. Paradda ilk dəfə Pakistan hərbçilərinin iştirak etdiyi vurğulanıb.
"Bu, üç ölkənin - Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyinin təzahürüdür", – materialda Azərbaycan liderinin sözləri sitat gətirilib.
Türkiyə Prezidenti isə bildirib ki, Vətən müharibəsi Asiya və Avropadakı geosiyasi tarazlığı dəyişib və bölgədə yeni dövrün başlanğıcını qoyub:
"Biz nə kin saxlayarıq, nə də keçmişdəki zülmlərin təkrar yaşanmasına imkan verərik. Bu Zəfəri son nöqtə deyil, Qafqazda davamlı sülhə aparan yolun təməl daşı kimi qiymətləndiririk. Qafqazda sülhün təmin olunması Asiyadan Avropaya qədər bütün regionun rifahına xidmət edəcək".
