Ev heyvanı kiməsə hücum edərsə, sahibinə cəza tətbiq olunur?
Ev heyvanı kiməsə hücum edərsə, sahibinə hansı cəza tətbiq olunur?
Mövzu ilə bağlı hüquqşünas Asim Abbasov "İnformator.az"a açıqlamasında deyib ki, qeyd edilən məsələ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli 38 nömrəli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nda mövcuddur:
"İnzibati Xətalar Məcəlləsinin 290-cı maddəsinə əsasən; “Ev heyvanlarının saxlanılması qaydalarının pozulması” adlanır və bu maddə bu məsələni tənzimləyir. Belə ki, maddədə qeyd edilir ki,
- ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılmasına, qidalandırılmasına, gəzdirilməsinə və ya yetişdirilməsinə; - ev heyvanlarının nəqliyyat vasitələri ilə aparılması şərtlərinin pozulmasına;
- it və pişiklərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi saydan artıq saxlanılmasına;
- itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə;
- sərxoş vəziyyətdə (alkoqollu içkilərdən, narkotik vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə etməklə) olan şəxs tərəfindən ev heyvanlarının gəzdirilməsinə;
- ev heyvanlarının insanların üzərinə saldırılmasına;
- yarış vaxtı və ya heyvanın sağlamlığı və rifahı üçün təhlükə yarada bilən digər hallarda ev heyvanlarının təbii imkanlarının artırılması, yaxud azaldılması məqsədi ilə onlara preparatların verilməsinə, tibbi və texniki üsulların tətbiq edilməsinə;
- qanunla müəyyən edilmiş hallar istisna olmaqla, ev heyvanlarının xarici görkəmini dəyişdirmək və ya digər qeyri müalicəvi məqsədlə cərrahi əməliyyatların (quyruğun kəsilməsi, qulaqlarının kəsilməsi, devokalizasiya, dırnaq və dişlərin çıxarılması) aparılmasına;
- ev heyvanı saxlayan və ya ona baxan şəxs tərəfindən ev heyvanlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzərdə tutulmuş qayğıların göstərilməməsinə görə
- Şəxslər iki yüz manat (200 AZN) məbləğində cərimə edilir. Əgər bu xətalar bir il ərzində yenidən təkrarlanarsa, onda şəxslər üç yüz manat (300 AZN) məbləğində cərimə edilir. Əgər heyvanların saxlanılması qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsə yüngül bədən xəsarəti və ya maddi zərər vurularsa heyvanın sahibi olan şəxs səkkiz yüz manatdan min manatadək (800- 1000 AZN) məbləğdə cərimə edilir. Əgər şəxsin sağlamlığına ağır zərər vurularsa, bu cinayət məsuliyyətinə səbəb olur və heyvanın sahibi Cinayət Məcəlləsinin 131-ci maddəsinə müvafiq olaraq cinayət məsuliyyəti daşıyır. Və əgər şəxs bu maddəylə təqsirli bilinərsə, ona aşağıdakı cəzalardan biri verilə bilər:
- min iki yüz manatdan iki min dörd yüz manatadək (1200 – 1400 AZN) miqdarda cərimə - və ya iki ilədək müddətə islah işləri - və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması - və ya bir ilədək (1 ilədək) müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
Zəhra Möhübbətova