Ev heyvanlarından insana keçən risklər
Rusiyalı həkim Aleksandra Filyovanın sözlərinə görə, ev heyvanları allergiya, yuxusuzluq və bir sıra infeksion xəstəliklərə səbəb ola bilər. Ev heyvanları ilə birgə yatmaq yuxu pozuntusu və ürək–damar xəstəlikləri riskini artırır. Allergenlər təkcə heyvanın tükündə deyil, həm də selikli qişasında, sidiyində və dəri pulcuqlarında olur. Pişik və itlər helmintlər, toksoplazmoz və quduzluq kimi xəstəliklər daşıya bilər. Həkim heyvanlarla təmasdan sonra əllərin yuyulmasını və onların mütəmadi baytar müayinəsindən keçirilməsini tövsiyə edir.
Mövzu ilə bağlı baytar Cansu Məmmədova “İnformator.az”a açıqlamasında bildirib ki, pişiklərdən bir sıra zoonoz xəstəliklər insana keçə bilər:
“Pişiklərdən bir sıra zoonoz xəstəliklər insana keçə bilər (qurd xəstəlikləri, göbələk xəstəliyi və s.). Bəzən insanlarda allergiya prosesi də görülür. Lakin ev heyvanına düzgün qulluq edildikdə, vaxtı-vaxtında peyvənd və qurd dərmanı prosesi yerinə yetirildikdə, həmçinin 6 aydan bir mütləq həkim müayinəsindən keçirildikdə heç bir qorxulu proses baş vermir”.
Aydan Əsgərxanlı
