Ev sahibi kirayəçini xəbərsiz evdən çıxara bilərmi?
Tərəflər arasında bağlanan kirayə müqaviləsinin şərtləri və müddəti tez-tez mübahisələrə səbəb olur. Bəs müqavilə qüvvədə olduğu müddətdə ev sahibinin kirayəçini evdən çıxarmaq hüququ varmı və belə hallarda hansı hüquqi mexanizmlər mövcuddur?
Mövzu ilə bağlı Vəkil Lalə Salmanova “İnformator.az”a açıqlamasında bildirir ki,
yaşayış evləri ilə bağlı kirayə müqaviləsi notarial qaydada olmalıdır:
“Notarial qayda olmadıqda keçərlilik yoxdur. Kirayə müqaviləsi bağlanır orda da müəyyən bir müddət qoyulur.
Hər ay hansı gündə kirayə haqqı ödəniləcəksə bu tipli məlumatlar qeyd olunur və həmin kirayə müqaviləsinin müddəti bitənə qədər tərəflər razılığı olmadan müqaviləyə xitam verə bilməzlər. Yəni ev sahibi kirayə verdiyi adama müqavilədən əvvəl gəlib deyə bilməz ki, evdən çıx, çünki tərəflər arasında bir razılaşma müqaviləsi var. Müqavilə bitdikdə qarşılıqlı razılıqla onu uzada bilərlər. Əgər uzatmırlarsa, artıq müqaviləyə xitam verilir. Amma müqavilənin müddətinə hələ varsa, ev yiyəsi gəlib kirayəçiyə deyə bilməz. Çünki bu, müqavilənin birtərəfli pozulması deməkdir. Belə olan halda şəxs məhkəməyə müraciət edə bilər. Kirayə verən tərəf də müraciət edə bilər. Məhkəmə qətnaməsi ilə hər iki tərəf kirayə müqaviləsini ləğv edə bilər. Əgər ev sahibi ona belə bir problem yaradırsa, vaxtından əvvəl evdən çıxartmağa çalışırsa, bununla bağlı şəxs ancaq məhkəməyə müraciət edə bilər”.
Asiman Vəliyeva