“Evdə tək 2” filminin ulduzu Tim Karri vəfat edib – məşhur aktyorun həyat hekayəsi
“Evdə tək 2: Nyu-Yorkda itirilmiş” filminin məşhur aktyoru Tim Karri 80 yaşında vəfat edib.
Timoti Ceyms Karri 19 aprel 1946-cı ildə İngiltərədə anadan olub. O, aktyorluqla yanaşı, müğənni və səsləndirmə aktyoru kimi də fəaliyyət göstərib. Karri sənət karyerasına teatr səhnəsində başlayıb və sonralar kino və televiziyada fərqli obrazları ilə tanınıb.
Aktyora dünya şöhrəti gətirən əsas rollardan biri “The Rocky Horror Picture Show” filmindəki doktor Frenk-N-Furter obrazı olub. 1975-ci ildə ekranlara çıxan film zamanla kult ekran əsərinə çevrilib.
Tim Karri daha sonra Stiven Kinqin eyniadlı əsəri əsasında çəkilən “It” mini-serialında Pennywise obrazını canlandıraraq qorxu janrının ən yaddaqalan personajlarından birinə çevrilib. Onun yaratdığı Pennywise obrazı illər sonra belə tamaşaçıların yaddaşında qalıb.
Aktyor “Evdə tək 2” filmində isə Plaza otelinin əməkdaşı cənab Hektor obrazında çıxış edib. Filmdəki rolu qısa olsa da, Karri obrazı ilə tamaşaçıların diqqətini çəkib.
Onun yaradıcılığı yalnız filmlərlə məhdudlaşmayıb. Tim Karri müxtəlif teatr tamaşalarında, televiziya layihələrində, animasiya filmlərində və videooyunlarda personajları səsləndirib. O, səhnə fəaliyyətinə görə üç dəfə “Tony” mükafatına namizəd göstərilib.
2012-ci ildə insult keçirən aktyor sonrakı illərdə də yaradıcılıq fəaliyyətini davam etdirib. O, xüsusilə səsləndirmə layihələrində iştirak edib.
Tim Karri 25 avqust 2026-cı ildə Los-Ancelesdəki evində 80 yaşında vəfat edib. Onun ölüm səbəbi açıqlanmayıb.
Beş onillikdən artıq davam edən karyerası ərzində Tim Karri müxtəlif və bir-birindən tamamilə fərqli obrazlara həyat verib. O, həm komediya, həm qorxu, həm də musiqili janrlarda yaratdığı rollarla dünya tamaşaçısının yaddaşında iz qoyub.
Elmira Ağayeva