Evlərimizdəki təhlükə mənbəyi: Keyfiyyətsiz elektrik uzadıcıları hansı fəsadları yarada bilər?
Evlərimizdə hər gün fərqinə varmadan istifadə etdiyimiz keyfiyyətsiz elektrik uzadıcıları əslində potensial yanğın mənbəyidir. Təcrübəyə və statistik göstəricilərə əsaslansaq, mənzillərdə baş verən yanğınların bir hissəsi standartlara cavab verməyən, keyfiyyətsiz elektrik avadanlıqlarından qaynaqlanır.
Mövzu ilə bağlı təhlükəsizlik üzrə ekspert Orxan Musayev “İnformator.az” a açıqlama verib. Onun sözlərinə görə keyfiyyətsiz uzadıcıların əsas təhlükəsi onların daxilində normaya uyğun olmayan, nazik və keyfiyyətsiz naqillərdən istifadə edilməsidir. Bu naqillərdən yüksək cərəyan keçdikdə onlar həddindən artıq qızmağa başlayır. Bundan əlavə, uzadıcının korpusunun tezalışan və keyfiyyətsiz plastikdən hazırlanması qızma zamanı materialın əriməsinə, qısaqapanmaya və nəticədə yanğının baş verməsinə səbəb ola bilər.
Elektrik yuvalarındakı zəif kontaktlar da ciddi təhlükə yaradır. Belə kontaktlar qığılcımlanmaya və həddindən artıq qızmaya səbəb ola bilər.
Uzadıcının yaxınlığında pərdə, xalça, mebel və digər tezalışan əşyalar varsa, alov saniyələr ərzində geniş əraziyə yayıla bilər.
“Belə hadisələrin qarşısını almaq üçün elektrik uzadıcısı alarkən bir sıra göstəricilərə diqqət etmək lazımdır. İlk növbədə kabelin kəsiyinin istifadə məqsədinə və cihazın tələb etdiyi yükünə uyğun olması vacibdir. Yüksək yüklər üçün nəzərdə tutulan uzadıcılarda kabel kəsiyinin ən azı 1,5 mm² olması tələb oluna bilər. Həmçinin məhsulun üzərində maksimal güc və cərəyan həddi, uyğunluq və təhlükəsizlik sertifikatları barədə məlumatların olması vacibdir. Keyfiyyətli məhsullarda həddindən artıq yüklənmədən qorunma, təhlükəsiz korpus və etibarlı kontaktlar kimi xüsusiyyətlərə də diqqət yetirilməlidir”.
Ekspertin sözlərinə görə ən vacib xəbərdarlıqlardan biri isə yüksək güc tələb edən məişət cihazlarının uzadıcıya qoşulmamasıdır. Paltaryuyan və qabyuyan maşın, elektrik qızdırıcısı, kondisioner, mikrodalğalı soba və elektrik çaydanı kimi güclü cihazlar mümkün olduqda birbaşa divardakı uyğun və torpaqlanmış elektrik yuvasına qoşulmalıdır. Eyni uzadıcıya bir neçə yüksək güclü cihazın qoşulması isə xüsusilə təhlükəlidir.
“Əgər evdə istifadə olunan uzadıcıdan yanıq qoxusu gəlirsə, plastik hissələr həddindən artıq qızırsa, qaralma, ərimə və ya qığılcımlanma müşahidə edilirsə, dərhal elektrik enerjisi kəsilməlidir. Bunun üçün mənzilin əsas elektrik avtomatını söndürmək lazımdır. Elektrik enerjisi tam kəsilmədən uzadıcıya və ya ona qoşulmuş cihaza toxunmaq olmaz”.
Ekspert qeyd edir ki, elektrik mənşəli yanğın zamanı sudan istifadə etmək həyati təhlükə yarada bilər. İlk növbədə elektrik enerjisi təhlükəsiz şəkildə kəsilməli, yanğın nəzarətdən çıxırsa, dərhal ərazi tərk edilməli və Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə müraciət edilməlidir.
Süsən Mərdalıqızı