Evlilik yoxsa dustaq həyatı?
Hər kəs xoşbəxt ailə qurmaq istəyir, amma bunu hamı bacarmır. Evlilik sadə proses deyil, sevgi bəzən insanı kor edir və evlilikdən sonra tərəfin əsl siması ortaya çıxır. Xüsusilə qadınlar bu çətinliklərə daha çox məruz qalır: evlilikdən əvvəl verilən vədlər sonradan əmrlərə, sərt sözlərə çevrilir və qadınlar özlərini sanki yad evdə dustaq kimi hiss edirlər. Ayrılmaq istəyəndə isə çoxu çarəsiz qalır, çünki nə maddi gücləri olur, nə də öz hüquqlarını qorumaq üçün kifayət qədər məlumatları.
Mövzu haqqında psixoloq İlkin Məmmədkərimov "İnformator.az"a açıqlamasında bildirib ki, evlilik içi bu kimi halların yaranmaması üçün evlilikdən əvvəl cütlüyün bir-birini daha yaxından tanıması lazımdır:
"Cütlük bir-birini nə qədər yaxşı tanısa, o ailə bir o qədər möhkəm olacaq. Həmçinin, bir qadının ali təhsilli olması çox vacibdir, çünki təhsilli bir qadın ilə təhsil almayan bir qadının arasında çox fərq var. Ali təhsilli bir qadın yoldaşı olmasa belə öz ayaqlarının üstündə durub övladlarına baxa bilər, bir sözlə, həyatına davam edə bilər. Bütün bunlar bir qadının həyatında təhsilin vacibliyini göstərir və qadınlarımızın evlilikdən əvvəl karyerasını möhkəmləndirilməsinin daha lazım olduğu düşünülür. Bunlarla yanaşı, ölkəmizdə "mentalitet" adlanan bir qavram var ki, bütün bu hadisələrin demək olar ki, bir çox məqamda səbəbkarıdır".
Mələk Nəsirli
