Eyni ixtisas, fərqli qiymət: təhsil haqqındakı fərqlərin səbəbi nədir?
Son illərdə ali təhsil müəssisələrində eyni ixtisas üzrə təhsil haqlarının fərqli olması cəmiyyətdə suallar doğurur. Bəzi universitetlərdə eyni sahə üzrə oxumaq daha baha, digərlərində isə nisbətən ucuz başa gəlir. Bu fərqlər təhsilin keyfiyyəti, universitetlərin reytinqi və digər amillərlə əlaqələndirilir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında təhsil eksperti Səbuhi Abdullayev bildirib ki, təhsil haqları universitetin reytinqi, prestiji və tələb-təklif amillərinə görə fərqlənir:
“Təhsil haqlarının eyni ixtisaslar üzrə müxtəlif universitetlərdə fərqli olmasının əsas səbəblərindən biri universitetlərin publik hüquqi şəxs kimi fəaliyyət göstərməsi və fərqli şərtlər altında təhsil aparmasıdır. Belə ki, burada tədris aparan akademik heyətin, yəni professor-müəllim heyətinin əməkhaqqı, universitetin yerləşdiyi məkan və reytinq göstəriciləri bu fərqlərə birbaşa təsir edir. Məsələn, Bakı Dövlət Universitetinin hüquq fakültəsi ilə Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsi arasında müəyyən fərqlər mövcuddur. Burada tələb və təklif məsələsi də mühüm rol oynayır. Tələbatın daha yüksək olduğu universitetlərdə təhsil haqları da nisbətən yüksək olur. Bundan əlavə, universitetin prestiji, uzunmüddətli səmərəli fəaliyyəti, tanınması və nüfuzu da qiymətlərin formalaşmasına təsir edən əsas amillərdəndir. Dövlətin tənzimləyici rolu əsasən dotasiyalar vasitəsilə mümkündür, lakin bu, hazırkı şəraitdə tam real görünmür”.

Arzu Poladova