Filip Mşelbila: Biz Azərbaycanın fəaliyyətini yüksək qiymətləndiririk
Qaz İxrac Edən Ölkələr Forumunda Azərbaycanın fəaliyyəti yüksək qiymətləndirilir.
Mövzu ilə bağlı iqtisadçı Günay Hüseynova “İnformator.az” a açıqlamasında bildirib ki,Azərbaycanın enerji sahəsində uğurları ölkənin iqtisadi gücünü və beynəlxalq nüfuzunu artırır:
“Məlumdur ki, Azərbaycan artıq enerji ixracatı sahəsində Avropanın etibarlı ticari tərəfdaşına çevrilib. Qaz ixrac edən ölkələrin forumunda da Azərbaycanın fəaliyyətinin yüksək qiymətləndirilməsi məhz enerji sektorunda əldə edilən uğurlu iqtisadi islahatlar, həmçinin ölkə iqtisadiyyatının yüksək inkişafının bariz nümunəsidir. Yaxın zamanlarda bir sıra ölkələrə də enerji ixracatı olacaq. Hətta bununla bağlı artıq danışıqlar da aparılıb. Azərbaycanın beynəlxalq qaz bazarındakı mövqeyinin güclənməsinin ölkə iqtisadiyyatına təsirlərinə qaldıqda isə, həm region və beynəlxalq arenada nüfuzunun artması, ticari tərəfdaşların sayının artması, həmçinin də hasilatın artmasına bağlı olaraq xarici valyuta ehtiyatlarının artması baxımından iqtisadi əhəmiyyət kəsb edir. Xarici valyuta ehtiyatlarının artması birbaşa ölkəni devalvasiya təhlükəsindən kənarlaşdırır. Bu cür beynəlxalq platformalarda fəal iştirakın Azərbaycan iqtisadiyyatına töhfəsinə qaldıqda, ilk növbədə etibarlı ticari mühit xüsusi əhəmiyyət daşıyır. Həmçinin, bu cür beynəlxalq platformalarda iştirak birbaşa ölkənin iqtisadiyyatını və mövqeyini ortaya qoyur. Xarici investor və ticari tərəfdaşlar üçün bu mühüm rol oynayır”.
Arzu Poladova