00:00:00
Yazar
Ayan Sədi
17.02.2026 23:05 24 2 dəq oxuma
Mədəniyyət

Firəngiz Əlizadə: Qara Qarayev son günlərində yeni bir "Leyli və Məcnun" arzulayırdı

Firəngiz Əlizadə: Qara Qarayev son günlərində yeni bir "Leyli və Məcnun" arzulayırdı

Fevralın 5-də Azərbaycan musiqi mədəniyyətinin dünyaşöhrətli siması, dahi bəstəkar, görkəmli alim və pedaqoq, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin anadan olmasının 108-ci ildönümü tamam oldu. Müasir Azərbaycan musiqisinin intibah dövrünü yaradan sənətkarın irsi bu gün də gənc nəsil üçün tükənməz bir mənbədir.

 

"İnformator.az" dahi sənətkarın əziz xatirəsini yad edərək, onun yaradıcılıq yoluna işıq tutan ustadın həm tələbəsi, həm də assistenti olmuş, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə ilə həmsöhbət olub.

 

Firəngiz Əlizadə qeyd edib ki, 60-70-ci illərdə Qara Qarayev pedaqoji fəaliyyətlə yanaşı, intensiv şəkildə öz yaradıcılığı ilə də məşğul olurdu:

 

"Həmin illərdə ustadın bir-birindən dəyərli əsərləri meydana gəlirdi. Biz onun premyeralarını izləmək üçün Moskva, Leninqrad və Varşava kimi şəhərlərə gedirdik. Qara Qarayev o dövrün əsl qəhrəmanı idi. Onun dərslərinə təkcə tələbələr deyil, həm də ziyalılar, kinorejissorlar, rəssamlar və jurnalistlər yığışardı. Sinifdə oturmağa yer olmazdı".

 

Vurğulanıb ki, Q.Qarayev təkcə böyük bəstəkar deyil, həm də geniş dünyagörüşünə malik səmimi bir ziyalı idi. O, fəlsəfə, riyaziyyat və kainat haqqında biliklərini tələbələri ilə bölüşər, hər yaz tətilində onlara mütaliə üçün dünya ədəbiyyatından xüsusi kitab siyahıları verirdi. Bu yanaşma gənc musiqiçilərin təfəkkürünün formalaşmasında böyük məktəb rolunu oynayırdı.

 

Firəngiz Əlizadə bildirib ki, bu gün də gənc bəstəkarların Qarayev irsinə böyük maraq göstərilir:

 

"Musiqi məktəblərində Qarayevin əsərləri həmişə proqramların mərkəzindədir. Elə bu yaxınlarda bəstəkarın ev-muzeyində keçirilən konsertdə gənc musiqiçilərin-uşaqların onun əsərlərini yüksək səviyyədə ifa etməsi bizi çox fərəhləndirdi. Qara Qarayev hər zaman Azərbaycan musiqisinin mərkəzindədir".

 

Söhbət zamanı dahi bəstəkarın yarımçıq qalmış arzularına da toxunulub. Qeyd olunub ki, ömrünün son illərində xəstəliklə mübarizə aparan sənətkar dərslərini evində keçirdi. Tələbələri yığışıb evinə gedər, iki-üç saat dərs keçərdilər. Bu müddət ərzində aralarında səmimi söhbətləri olardı. Firəngiz xanımın dediyinə görə, bəstəkar son dövrlərdə Üzeyir Hacıbəylinin yaradıcılığına daha çox diqqət yetirir və yeni bir layihə üzərində düşünürdü.

 

"Ustadın ən böyük arzusu "Leyli və Məcnun"un yeni konsepsiyasını bəstələmək idi. Təəssüf ki, vaxtsız ölüm və ağır xəstəlik bu arzunu reallaşdırmağa imkan vermədi. Son günlərində "kaş vaxtım olsaydı, bu arzumu yerinə yetirə biləydim" deyirdi", - deyə Firəngiz Əlizadə vurğulayıb.

 

Lalə Əhməd

#gündəm #xəbər #azərbaycan #yeni #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər