"Fırçanın səsi var, amma dinləyən azdır"
Müasir incəsənət hər zaman cəmiyyətin ruhunu əks etdirib. Bu gün Azərbaycanda istedadlı gənc rəssamlar çoxdur, lakin onların əsərlərinə maraq, təəssüf ki, hələ istənilən səviyyədə deyil. Sosial şəbəkələrdə öz yaradıcılığını tanıtmaq imkanları artsa da, real sərgilər, alıcı bazarı və sənətə dəyər verən auditoriya hələ də məhduddur.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında rəssam Aqşin Feyzullayev bildirib ki, sərgilərə gedənlər dəvət olunanlar eyni insanlardır:
“Bu dar çevrədir. Bizdə dəvət zamanı ətrafımızı, rəssamlar ittifaqından və yaxud akademiyadan kolleksioner dəvət edirik. Burada gənc, yaşlı hətta dünyasını dəyişən rəssamların da rəsmləri vardı. Bu günkü gündə gənc rəssamlar birmənalı olaraq sosial mediadadır. Həmçinin sözssüz ki, rəqabət həmişə olub və olacaq. Bu normaldır. Hərənin özünə məxsus zövqü var. Hər kəs özünə uyğun zövqü var. Hər bir halda sosial mediada fürsət yayılır. Rəqabət sosial mediadan əvvəl də, sonra da həmişə olub. Müasir incəsənətdə gənclərin rolu önəmlidir. Günümüzdə çox istedadlı gənclər var. Hər sahədə olduğu kimi rəssamlıq sahəsində bu cür gənclər çoxdur. Sadəcə olaraq bu fərdi yanaşmadır. İşi sona qədər çatdırmaq hər adamın işi deyil. İstər rəssam, bəstəkar istərsə də rejissor olsun. O daha çox insanın fərdi keyfiyyət və xüsusiyyətləri ilə bağlıdır. İnsan özünə qarşı necə tələbkardırsa, sözssüz ki, sona qədər gedib müəyyən nəticə əldə edəcək”.
Banuçiçək Məmmədova
