Fövqəladə hallarda tələbələrin təxliyəsi necə olmalıdır?
Azərbaycan Memarlıq və İnşaat Universiteti kimi ali təhsil müəssisələrində baş verən yanğın hadisələri tələbələrin təhlükəsizliyinin nə qədər vacib olduğunu bir daha göstərir. Belə hallarda panikanın qarşısını almaq və insan itkisinin olmaması üçün düzgün və əvvəlcədən planlaşdırılan təxliyə sistemi həyati əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında təhlükəsizlik eksperti Orxan Musayev bildirib ki, aprelin 28-i universitetdə baş verən yanğın hadisəsi bir daha göstərdi ki, yanğın təhlükəsizliyi yalnız fövqəladə hallar zamanı deyil, gündəlik həyatımızın ayrılmaz tərkib hissəsi olmalıdır:
“Bir çox binalarda evakuasiya (təxliyə) yolları nəzəri olaraq mövcud olsa da, praktiki istifadəyə hazır vəziyyətdə olmur. Pilləkən qəfəslərinin bağlanması, əlavə qapıların qoyulması və şəxsi əşyaların təxliyə yollarında yığılması insanların fövqəladə vəziyyət zamanı hərəkətini məhdudlaşdırır.
Digər kritik faktor isə tüstünün sürətlə yayılmasıdır. Dünya statistikasına görə, yanğın zamanı ölüm hallarının böyük əksəriyyəti alovdan deyil, tüstü zəhərlənməsi nəticəsində baş verir. Əgər binada tüstüyə qarşı düzgün sistemlər quraşdırılmayıbsa, insanların zəhərlənmə ehtimalı daha da artır.
Təbii ki, bu hadisələrdə insan faktorunu da unutmaq olmaz. İnsanlar panika vəziyyətində düzgün qərar verməkdə çətinlik çəkirlər. Bəziləri liftə minir, bəziləri isə evdə qalaraq kömək gözləyir. Bu isə riskləri daha da artırır.
Əslində, təxliyə planı əvvəlcədən insanlara məlum olmalıdır. İnsanlar yanğın baş verdikdə düzgün davranış qaydalarını bilməlidirlər. İstər yaşayış binalarında, istər iri ticarət mərkəzlərində fövqəladə hallara hazırlıq çərçivəsində mütəmadi olaraq praktiki məşqlərin təşkili xüsusi əhəmiyyət daşıyır. Təhsil müəssisələrində də həm nəzəri, həm də praktik tədris sistemləri təşkil olunmalıdır.
Hansı məkanda olmasından asılı olmayaraq, insanlar fövqəladə vəziyyət zamanı təxliyə yollarını bilməlidirlər. Çünki hadisədən minimum zərərlə xilas olmaq üçün düzgün və vaxtında təxliyə həyati əhəmiyyət daşıyır. Təhlükəsizlik qaydalarına görə, təxliyə yollarında maneələrin olması və bu yolların bağlanması qəti qadağandır. Bu cür halların mövcudluğu insan həyatı üçün ciddi təhlükə yaradır”.
Səadət Əlizadə