00:00:00
Yazar
Nərmin Həşimova
02.11.2026 19:10 56 3 dəq oxuma
Maraqlı

Frankenşteyn” əsəri niyə hələ də müzakirə olunur?

Frankenşteyn” əsəri niyə hələ də müzakirə olunur?

Meri Şellinin 1818-ci ildə qələmə aldığı “Frankenşteyn” romanı iki əsrdən artıqdır ki, dünya ədəbiyyatının və qorxu janrının diqqətçəkən nümunələrindən biri olaraq qalır. Əsər yalnız elmi təcrübələrin təhlükələrindən deyil, həm də insanın məsuliyyəti, tənhalıq və cəmiyyət vasitəsilə qəbul edilməməsi kimi məsələlərdən bəhs edir.


Meri Şelli bu əsərin ideyasını 1816-cı ilin yayında, Cenevrə gölü sahilində yerləşən Villa Diodati-də dostları ilə birlikdə olduğu zaman düşünüb. Həmin görüşdə Lord Bayron iştirakçılara xəyalət hekayəsi yazmağı təklif edib. O zaman 18 yaşı olan Şelli də bu təklifdən ilhamlanaraq sonradan dünya ədəbiyyatında iz qoyacaq romanını yazmağa başlayıb. Əsərdə Viktor Frankenşteyn adlı gənc alim ölü bədənə həyat verməyə çalışır. Lakin yaratdığı varlığın görünüşündən qorxaraq onu tərk edir. Hadisələrin əsas faciəsi də məhz bundan sonra başlayır. Öz yaradıcısının qəbul etmədiyi varlıq cəmiyyətin də münasibəti ilə qarşılaşır və zamanla qisas almağa başlayır. Romanın əsas xüsusiyyətlərindən biri onun müxtəlif mövzuları özündə birləşdirməsidir. Əsərdə elmin sərhədləri, insanın öz imkanlarını həddindən artıq genişləndirmək istəyi, valideyn məsuliyyəti və cəmiyyətin fərqli insanlara münasibəti kimi məsələlər ön plana çıxır.

“Frankenşteyn”in məşhurlaşmasında teatr və kino adaptasiyalarının da böyük rolu olub. Əsər ilk dəfə 1910-cu ildə Tomas Edisonun qısametrajlı filmi ilə ekranlaşdırılıb. Daha sonra 1931-ci ildə rejissor Ceyms Ueylin çəkdiyi və Boris Karloffun məxluqu canlandırdığı film obrazın kino tarixində tanınmasına səbəb olub. Sonrakı illərdə əsər müxtəlif ölkələrdə ekranlaşdırılıb, parodiyalara, seriallara, komikslərə və videooyunlara ilham verib. Bununla belə, ekranlaşdırmaların uğuru romanın ilkin məzmununun müəyyən qədər kölgədə qalmasına da səbəb olub. Belə ki, filmlərdə əsasən qorxunc görünüşlü məxluq və dəli alim obrazı ön plana çəkilsə də, Şellinin əsərində həmin varlığın düşüncələri, hissləri və insan kimi qəbul edilmək arzusu geniş yer tutur. Müəllif məxluqu yalnız qorxulu obraz kimi təqdim etmir. O, yaradıcısından sevgi və qəbul edilmə gözləyən, lakin hər yerdə rədd edilən bir varlıqdır. Əsərdə onun faciəsi məhz bu münasibətlərlə əlaqələndirilir. Beləliklə, roman oxucunu insanı xarici görünüşünə görə mühakimə etmək və fərqli olanları cəmiyyətdən kənarlaşdırmaq barədə düşünməyə vadar edir. Əsərin müasir dövrdə də aktuallığını qorumasının səbəblərindən biri elmi və texnoloji inkişafla bağlı narahatlıqlardır. “Frankenşteyn” obrazı zamanla süni intellekt, genetik dəyişikliklər və digər elmi yeniliklərin mümkün təhlükələrini ifadə edən simvollardan birinə çevrilib.

2025-ci ildə rejissor Gilyermo del Toro da “Frankenşteyn”in yeni ekran versiyasını təqdim edib. Baş rollarda Oskar Ayzek və Ceykob Elordi yer alıb. Rejissorun yanaşmasında əsərin qorxu tərəfi ilə yanaşı, ailə münasibətləri, valideyn məsuliyyəti və kənarda qalmış insanların taleyi də diqqət mərkəzindədir.

Beləliklə, Meri Şellinin əsəri sadəcə qorxu hekayəsi deyil. O, insanın yaratdıqlarına qarşı məsuliyyətini, qəbul edilmək ehtiyacını və cəmiyyətin fərqli olanlara münasibətini əks etdirən ədəbi nümunə kimi bu gün də öz əhəmiyyətini qoruyur.

 

Güllüzar Nəbili

#hələ #olunur? #yeni #niyə #müzakirə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər