İnsan bədəninin temperaturu niyə getdikcə aşağı düşür?
1860-cı illərdə alman həkim Karl Vunderlixi mühüm bir sual düşündürürdü: Qızdırma müstəqil xəstəlikdir, yoxsa başqa bir xəstəliyin əlaməti?
Termometrlərdən geniş istifadə olunmadığı bir dövrdə Vunderlix bu suala cavab tapmaq üçün genişmiqyaslı araşdırmaya başladı. O, 15 il ərzində müxtəlif yaş qruplarından olan 25 min xəstənin qoltuqaltı temperaturunu ölçərək bir milyondan çox göstərici topladı.
Əldə etdiyi məlumatlar əsasında Vunderlix sağlam yetkin insanların orta bədən temperaturunun 37°C (98,6°F) olduğunu müəyyənləşdirdi. Bu göstərici uzun müddət normal bədən temperaturunun əsas meyarı hesab edildi. Onun qənaətinə görə, temperaturun 38°C-dən (100,4°F) yuxarı qalxması qızdırmanın əlaməti idi.
Vunderlix tibbi direktor vəzifəsində çalışdığı Leypsiq xəstəxanasında əsasən fəhlə sinfinə mənsub xəstələrin temperaturunu ölçürdü. Topladığı məlumatlar normal bədən temperaturunun sabit olmadığını göstərirdi. O, qadınların bədən temperaturunun kişilərlə müqayisədə daha yüksək olduğunu, yaş artdıqca temperaturun aşağı düşdüyünü, həmçinin günün müxtəlif saatlarında dəyişdiyini müşahidə etmişdi.
Bu gün orta bədən temperaturunun əvvəlki dövrlərlə müqayisədə aşağı düşməsini izah edən bir neçə ehtimal irəli sürülür. Məsələn, Parsonnet bu dəyişiklikləri əhalinin ümumi sağlamlıq vəziyyətinin yaxşılaşması ilə əlaqələndirir. Vunderlixin yaşadığı dövrdə insanların orta ömür uzunluğu 38 il olduğu halda, bu gün həmin göstərici təxminən iki dəfə artıb.
Parsonnetin fikrincə, immun sistemi orqanizmi müxtəlif xəstəliklərdən qorumaq üçün mübarizə apararkən enerji sərf edir. Bu proses isə bədəndə istilik yaranmasına səbəb olur.
Yaeggi də Tsimane xalqı arasında peyvəndlənmənin genişlənməsinin və sanitariya şəraitinin yaxşılaşdırılmasının insanların sağlamlığına müsbət təsir göstərdiyini bildirir.
Onun sözlərinə görə, tualetlərdən istifadə və ayaqqabı geyinmək də 20 il əvvəllə müqayisədə daha geniş yayılıb. Bu dəyişikliklər çirklənmiş torpaqla təmas nəticəsində yaranan qarmaq qurd infeksiyalarının azalmasına kömək edir.
Bundan başqa, müasir dövrdə qapalı məkanlarda havanın temperaturunu tənzimləmək də xeyli asanlaşıb. ABŞ-da ev təsərrüfatlarının ən azı 88 faizində kondisioner, Böyük Britaniyada isə oxşar nisbətdə evdə mərkəzi istilik sistemi mövcuddur.
Makioviak isə orta bədən temperaturunun aşağı düşməsini tamamilə fərqli amillərlə izah etməyin mümkün olduğunu düşünür.
O, Vunderlixin istifadə etdiyi şüşə termometrlərdən birini şəxsən araşdırarkən maraqlı məqamla qarşılaşıb. Makioviakın sözlərinə görə, həmin termometr müasir cihazlarla müqayisədə təxminən 2°C daha yüksək göstərici nümayiş etdirəcək şəkildə kalibrlənmişdi. Bu isə həmin cihazlarla aparılan ölçmələrin nəticələrinin real göstəricilərdən yüksək ola biləcəyini ehtimal etməyə əsas verir.
Makioviak qeyd edir ki, həmin dövrdə bədən temperaturunun ölçülməsi kifayət qədər çətin və vaxt aparan proses idi. Təxminən 30 santimetr uzunluğunda olan civəli şüşə termometrlər əvvəlcə qaynar su və əriyən buz kimi sabit temperatur göstəricilərinə əsasən kalibrlənirdi. Daha sonra xəstələr 15-20 dəqiqə hərəkətsiz uzanmalı olurdular. Çünki termometrlərin temperaturu dəqiq qeydə alması xeyli vaxt tələb edirdi.
Bədən temperaturunun normal göstəricisini bilmək faydalı olsa da, mütəxəssislərin əksəriyyəti yalnız bir rəqəmə həddindən artıq əhəmiyyət verməməyi tövsiyə edir.
Aysun Xəlilova