Fransa Azərbaycandan neft idxalını kəskin artırıb
Cari ilin yanvar–noyabr aylarında Azərbaycandan Fransaya 143,1 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən 281,1 min ton həcmində xam neft və neft məhsulları ixrac olunub.
Mövzu ilə bağlı Milli Məclisin 4 çağırış millət vəkili, iqtisad elmləri doktor Rüfət Quliyev “İnformator.az”a açıqlamasında bildirib ki, SOCAR-ın Türkiyədə birbaşa istehlakçılara qaz satışı ilə məşğul olmağa başlaması şirkət üçün əlavə gəlir mənbələri yaradır və bu, dövlət büdcəsinə müsbət təsir göstərə bilər:
“Bazar iqtisadiyyatı tələb və təklif qanunu ilə idarə olunur. Bu səbəbdən Avropa Rusiyayla iqtisadi əlaqələri azaltmağa çalışsa da, enerji ehtiyacına görə neft və qazdan tam imtina edə bilmir. Fransa da daxil olmaqla Avropa ölkələrində enerji tələbatı artır. Afrikadan ucuz uran tədarükünün azalması və artan siyasi problemlər Fransanın neft və qaza olan ehtiyacını daha da gücləndirir. Son 20–25 ildə Azərbaycan–Fransa münasibətləri praqmatik və balanslı şəkildə inkişaf edib. Azərbaycan enerji resurslarını siyasi alətə çevirmir və strateji tərəfdaşlıq prinsipinə sadiqdir. Hazırda Azərbaycan Avropanın qaz tələbatının 6–8 faizini qarşılayır və bu göstəricinin yaxın illərdə əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır. Azərbaycan beynəlxalq münasibətlərdə qarşılıqlı hörmətə və maraqların nəzərə alınmasına üstünlük verir. Bu siyasət nəticəsində ölkəmizin Avropadakı nüfuzu və mövqeyi 2005-ci illə müqayisədə xeyli güclənib”.
Fidan Alışova
