Fransa Hörmüzdə hərbi müdaxilədən yayınaraq təhlükəsizlik rolunu gücləndirir
Strateji enerji marşrutlarından biri olan Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi beynəlxalq gündəmin əsas məsələlərindən birinə çevrilib. Fransa boğazda təhlükəsiz naviqasiyanın təmin olunması üçün beynəlxalq mexanizmlərdə iştirak imkanlarını nəzərdən keçirir. Prezident Emmanuel Makron ABC News-a müsahibəsində Fransanın hər hansı dövlətlə qarşıdurmaya girmək istəmədiyini, lakin gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasına daha fəal töhfə verməyə hazır olduğunu bildirib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar bildirib ki, Fransanın mövcud mövqeyi ölkənin regiondakı proseslərdən tamamilə kənarda qalması anlamına gəlmir.
“Əksinə, Fransa indi müharibənin özündə iştirak etmədən, müharibədən sonrakı təhlükəsizlik mexanizmlərində rol almağa çalışır. Fransa Birləşmiş Ştatlarla birlikdə BMT Təhlükəsizlik Şurasında Hörmüzdə gələcək təhlükəsizliyi təmin edəcək beynəlxalq missiya üzərində işləyir”, – deyə siyasi şərhçi qeyd edib.
Ülviyyə Zülfiqarın sözlərinə görə, Makronun əvvəlki mövqeyi də hərbi qarşıdurmaya birbaşa qoşulmaq əvəzinə, vəziyyət sabitləşdikdən sonra təhlükəsizlik təşəbbüslərində iştirak etmək istiqamətində olub. Makron son açıqlamasında da Fransanın müharibəyə qoşulmamaq qərarını müdafiə edib və hərbi müdaxiləni düzgün seçim hesab etmədiyini bildirib.
“Bu, Fransanın tamamilə kənarda qalması və yalnız hər şey bitdikdən sonra prosesə qoşulması deməkdir. Burada Fransanın iqtisadi maraqlarını da nəzərdən qaçırmaq olmaz. Hörmüz boğazındakı məhdudiyyətlərin enerji qiymətlərinə təsiri artıq Avropada hiss olunur. Ona görə də Fransanın indiki fəallığını yalnız təhlükəsizlik təşəbbüsü kimi qiymətləndirmək mümkün deyil.
Fransa İranla müharibənin hərbi yükünü üzərinə götürməkdən yayındı, amma həmin müharibənin yaratdığı Hörmüz probleminin həllində söz sahibi olmağa çalışır”, – deyə siyasi şərhçi əlavə edib.
Mehriban Yariyeva