00:00:00
Yazar
Ayan Sadi
18.11.2026 11:09 162 2 dəq oxuma
Dünya

Fransa-Ukrayna münasibətlərində mümkün dəyişiklik: Yardım qərarı siyasi müzakirələri gücləndirir

Fransa-Ukrayna münasibətlərində mümkün dəyişiklik: Yardım qərarı siyasi müzakirələri gücləndirir

Fransanın “Milli Birlik” partiyasının lideri Marin Le Pen prezident seçiləcəyi təqdirdə Ukraynaya maliyyə yardımını dayandıracağını açıqlayıb. Bununla yanaşı, o, Fransanın Avropa İttifaqı çərçivəsində üzərinə götürdüyü maliyyə öhdəliklərini yerinə yetirəcəyini bildirib.

 

Mövzu ilə bağlı politoloq Azad Məsiyev “İnformator.az”a açıqlamasında bildirib ki, Le Penin bu mövqeyi Avropada yaranmış iqtisadi və sosial problemlərlə əlaqəlidir. Onun sözlərinə görə, Rusiya ilə Avropa arasında müharibədən əvvəl iqtisadi və siyasi münasibətlər yüksək səviyyədə olub. Avropa ölkələrinin Rusiyaya yatırdığı sərmayələr hər iki tərəfin iqtisadi inkişafına töhfə verib, iqtisadi əlaqələr isə siyasi münasibətləri balanslaşdırıb.

 

Azad Məsiyev qeyd edib ki, Rusiya-Ukrayna münaqişəsindən sonra tərəflər arasındakı iqtisadi əlaqələrin zəifləməsi və tətbiq olunan sanksiyalar Avropa dövlətlərinə ciddi təsir göstərib. Politoloqun fikrincə, bu proseslər enerji böhranı, inflyasiya və sosial narazılıqların artmasına səbəb olan amillərdəndir:

 

“Bu gün Avropada baş verən iğtişaşlar Amerikanın dünyada yaratdığı hərbi xaosun məntiqi nəticəsidir. Hərbi xaos iqtisadi xaos yaradır, iqtisadi xaos isə sosial problemlərə gətirib çıxarır”.

 

Politoloqun sözlərinə görə, Fransa da yaranmış iqtisadi və sosial çətinliklərlə üzləşən Avropa ölkələrindən biridir. O hesab edir ki, Ukraynaya ayrılan böyük maliyyə vəsaitləri Fransa iqtisadiyyatının daxili ehtiyacları baxımından da müzakirə edilməlidir. Azad Məsiyev Le Penin mövqeyini məhz bu narazılıqlar fonunda qiymətləndirir.

 

Azad Məsiyev, Rusiya-Ukrayna münaqişəsinin beynəlxalq xarakter daşıdığını və NATO ilə Rusiya arasında qarşıdurmaya çevrildiyini iddia edib. Onun fikrincə, Qərbin Ukraynaya göstərdiyi maliyyə və hərbi dəstək Rusiyanın mövqeyini dəyişməyib, əksinə, münaqişənin uzanmasına gətirib çıxarıb.

 

Azad Məsiyev bildirib ki, Rusiya hazırda danışıqlar prosesində şərtlər irəli sürən tərəfdir. O, Avropa İttifaqının danışıqlardakı təsir imkanlarının məhdudlaşdığını düşünür. Politoloqun qənaətinə görə, Ukraynaya ayrılan yardımların nəticələri yenidən qiymətləndirilməlidir:

 

“Ukraynaya ayrılan yardımların nəticəsi sıfıra bərabər olduğuna görə, bu, sadəcə münaqişənin uzanmasına gətirib çıxara bilər. Bunun nəticəsində ən böyük ziyanı Ukrayna xalqı, iqtisadi baxımdan isə Avropa çəkir”.

 

Politoloq hesab edir ki, Le Penin açıqlaması Fransada müxalif siyasi qüvvələrin mövcud iqtisadi vəziyyətə münasibətini əks etdirir. Onun fikrincə, Ukraynaya ayrılan maliyyə vəsaitlərinə yenidən baxılması həm Fransanın daxili iqtisadi vəziyyəti, həm də Avropanın münaqişəyə yanaşması baxımından gündəmə gələn məsələlərdəndir.

 

      

  Aytən Əhmədova

#siyasi #yeni #fransa-ukrayna #yardım
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər