00:00:00
Yazar
Elmira Ağayeva
30.07.2026 22:28 15 3 dəq oxuma
Maraqlı

Fransada istidən qorunmaq üçün pəncərələrə təbaşir çəkirlər – sadə üsulun arxasında hansı elm dayanır?

Fransada istidən qorunmaq üçün pəncərələrə təbaşir çəkirlər – sadə üsulun arxasında hansı elm dayanır?

 

Fransada rekord istilər fonunda sakinlər qeyri-adi, lakin olduqca sadə bir üsula üz tutublar. Ölkənin bir çox bölgəsində insanlar ev və məktəb pəncərələrini təbaşir əsaslı ağ məhlulla örtərək otaqların daha sərin qalmasına çalışırlar. Bu məqsədlə istifadə olunan "Blanc de Meudon" (Meudon təbaşiri) adlı məhsula tələbat o qədər artıb ki, bəzi mağazalarda artıq satış üçün qalmayıb.

Əslində bu material daha çox boya hazırlanmasında və ya təmizləyici vasitə kimi istifadə olunur. Lakin son günlər sosial şəbəkələrdə yayılan məsləhətlərdən sonra o, istiyə qarşı alternativ həllə çevrilib.


Təbaşir pəncərəni necə sərin saxlayır?

Toz halındakı təbaşir su ilə qarışdırılaraq pəncərə şüşəsinə çəkilir. Quruduqdan sonra şüşənin üzərində nazik ağ təbəqə əmələ gəlir. Bu örtük gün işığının bir hissəsini içəri buraxsa da, günəş şüalarının və istiliyin böyük hissəsini geri əks etdirir. Nəticədə otağın temperaturu daha aşağı səviyyədə qalır.

Mütəxəssislər bildirirlər ki, bu üsul sadəcə xalq arasında yayılan fikir deyil, onun elmi əsası da var.


Alimlər nə deyir?

ABŞ-ın Purdue Universitetinin Soyutma Texnologiyaları Araşdırma Mərkəzinin tədqiqatçısı Xiangyu Li bildirir ki, təbaşirin əsas tərkib hissəsi olan kalsium karbonat (CaCO₃) günəş şüalarını çox yaxşı əks etdirir.

Onun sözlərinə görə, bu maddə görünən işığı, ultrabənövşəyi və yaxın infraqırmızı şüaların böyük hissəsini demək olar ki, udmur. Məhz buna görə də ağ rəngli görünür və istiliyin binaya keçməsini əhəmiyyətli dərəcədə azaldır.

Bu xüsusiyyətinə görə kalsium karbonatdan son illərdə hazırlanmış xüsusi “super soyuducu” boyaların istehsalında da istifadə edilir.


Ağ rəng niyə daha sərin saxlayır?

Elm adamlarının fikrincə, ağ rəng günəş şüalarının böyük hissəsini geri qaytarır, tünd rənglər isə əksinə, istiliyi özündə toplayır. Buna görə də uzun illərdir dünyanın isti iqlimli bölgələrində dam və divarların ağ rəngə boyanması geniş tətbiq olunur.

Araşdırmalar göstərir ki, adi ağ boya belə binanın daxili temperaturunu ətraf mühitlə müqayisədə orta hesabla 1,7 dərəcə Selsi aşağı sala bilir.

Xüsusi hazırlanmış ultraağ boyalar isə günəş işığının 98 faizdən çoxunu əks etdirərək otaqların temperaturunu bir neçə dərəcə azaltmağa imkan verir.

Fransa mətbuatının məlumatına görə, temperaturun bəzi bölgələrdə 40 dərəcəni keçməsi nəticəsində Meudon təbaşirinə tələbat kəskin artıb. Məhsulun satıldığı mağazalarda ehtiyatlar qısa müddətdə tükənib.

Əvvəllər əsasən mağaza vitrinlərinin ağardılması və istixanalarda istifadə olunan bu material indi mənzillərin və məktəblərin pəncərələrinə çəkilir.

Bəzi məktəblər də sinif otaqlarının temperaturunu azaltmaq üçün bu üsulu tətbiq etsələr də, yerli rəsmilər bunun problemi tam həll etmədiyini bildirirlər. Onların sözlərinə görə, uzunmüddətli həll yolu binaların dam və divarlarının keyfiyyətli istilik izolyasiyasıdır.

 

Kondisionerə alternativ ola bilərmi?

Mütəxəssislər hesab edirlər ki, təbaşirlə örtülmüş pəncərələr otağın isinməsini nəzərəçarpacaq dərəcədə azalda bilər. Üstəlik, bu üsul kondisionerlə müqayisədə daha ucuzdur və əlavə elektrik enerjisi sərf etmir.

Kondisionerlər işlədikcə həm enerji istehlakını artırır, həm də xaricə isti hava buraxaraq şəhərlərdə istilik effektini gücləndirir. Ağ örtüklər isə yalnız istehsal mərhələsində enerji tələb edir və sonrakı istifadəsi demək olar ki, heç bir əlavə xərc yaratmır.

Qlobal istiləşmə fonunda daha tez-tez və daha şiddətli müşahidə olunan isti hava dalğaları fonunda mütəxəssislər hesab edirlər ki, belə sadə və əlçatan həllər gələcəkdə şəhərlərin iqlim dəyişikliklərinə uyğunlaşmasında mühüm rol oynaya bilər.
 

Elmira Ağayeva

#Fransa #təbaşirpəncərələr #maraqlı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər