Fransanın borc böhranı ABŞ üçün də təhlükə yarada bilər
Fransada artan dövlət borcu, siyasi qeyri-sabitlik və iqtisadi problemlər ABŞ-da da oxşar böhranın baş verə biləcəyi ilə bağlı narahatlıqları artırır. CNN Business-ın məlumatına görə, hər iki ölkə artan büdcə kəsiri və dövlət borcunun maliyyələşdirilməsi xərclərinin yüksəlməsi kimi problemlərlə üzləşir.
Fransanın dövlət borcu ümumi daxili məhsulunun (ÜDM) təxminən 119 faizinə çatıb. Ölkənin illik büdcə kəsiri isə ÜDM-in 5,4 faizini təşkil edir. Artan enerji qiymətləri və dövlət istiqrazları üzrə faiz dərəcələrinin yüksəlməsi Fransanın maliyyə vəziyyətini daha da çətinləşdirir. Ölkədə büdcə xərclərinin azaldılması və vergilərin artırılması mümkün həll yolları kimi nəzərdən keçirilsə də, bu addımların cəmiyyətdə narazılıq yarada biləcəyi bildirilir.
ABŞ-da da dövlət borcu və büdcə kəsiri yüksək səviyyədədir. Bununla belə, ölkənin dünya üzrə əsas ehtiyat valyutası olan dolları buraxması və iqtisadiyyatının genişliyi maliyyə risklərini idarə etmək üçün ona müəyyən üstünlüklər verir. Süni intellekt sahəsinə yatırılan investisiyalar da ABŞ iqtisadiyyatının artımına dəstək olur.
İqtisadçılar hesab edirlər ki, ABŞ-ın yaxın zamanda Fransadakı kimi borc böhranı ilə üzləşməsi qaçılmaz deyil. Lakin dövlət borcunun artmaqda davam etməsi və siyasi fikir ayrılıqlarının dərinləşməsi gələcəkdə riskləri yüksəldə bilər.
Məqalədə ABŞ üçün digər mümkün təhlükə kimi dövlət borcu limitinin artırılması ətrafında yarana biləcək siyasi mübahisələr də göstərilir. Gələn il bu məsələ ilə bağlı razılığın əldə olunmaması ölkənin borc öhdəliklərini yerinə yetirməsində çətinliklər yarada bilər.
CNN Xəbər