"Futbolun siyasətə alət edilməsinə yol vermək olmaz"- Ekspertdən açıqlama
Batumidə “Beşiktaş” və “Hapoel Be'er Sheva” komandaları arasında keçirilən futbol matçı zamanı baş verən hadisələr idmanın siyasiləşdirilməsi və bunun regional münasibətlərə mümkün təsirləri məsələsini yenidən gündəmə gətirib. Hadisə zamanı azarkeşlər arasında yaranan qarşıdurma və səsləndirilən siyasi çağırışlar Türkiyə ilə Gürcüstan arasındakı münasibətlərə də təsirsiz ötüşməyib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Müşfiq Abdulla bildirir ki, futbol və idman siyasi məqsədlər üçün istifadə edilməməli, yarışlar zamanı siyasi təxribatlara və qarşıdurmalara yol verilməməlidir:
"Gürcüstanın Batumi şəhərində “Beşiktaş” və İsrailin “Hapoel Be'er Sheva” komandaları arasında futbol matçının keçirilməsi neytral məkanda yarışın baş tutmasını təmin etmək məqsədi daşıyırdı. Məqsəd görüş zamanı sabitliyi qorumaq və mümkün qarşıdurmaların qarşısını almaq idi. Lakin Türkiyədən gedərək qonşu dövlətin ərazisində belə bir təxribat törətmək, futbol azarkeşlərinin qarşıdurmaya səbəb olan hərəkətlərə yol verməsi həm Türkiyə vətəndaşlarının təhlükəsizliyinə, həm də Türkiyə dövlətinin beynəlxalq imicinə zərbə vurur.
Azərbaycan da vaxtilə bu cür təxribatlarla üzləşib və bu gün də belə hallara rast gəlinir. Dəfələrlə Azərbaycanın futbol yarışlarında, xüsusilə də “Qarabağ” komandasının oyunlarında ləğv edilmiş qondarma rejimin saxta bayrağı qaldırılır və bununla siyasi təxribatlar törədilməyə çalışılırdı. Belə hallara yol verilməməlidir.
Məlumdur ki, Gürcüstanda, xüsusilə Batumidə Türkiyə iş adamlarının geniş biznes şəbəkəsi mövcuddur. Türkiyə vətəndaşları bu sahələrdə çalışır və gəlir əldə edirlər. Belə bir vəziyyətdə təxribat törətmək və qarşıdurma yaratmaq Türkiyəli iş adamlarının və investorların fəaliyyətinə ciddi zərər vura bilər".
Ekspert qeyd edir ki, Türkiyədə Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması ilə bağlı siyasi çağırışlar səsləndirilib. Belə təxribatçı çağırışlar gələcəkdə iki ölkə arasında qarşıdurma yarada bilər:
"Hadisədən sonra Türkiyənin bəzi siyasi partiyaları və millət vəkilləri Gürcüstanın separatçı bölgələrinin – Abxaziya və Cənubi Osetiyanın müstəqil dövlət kimi tanınması, onların pasportlarının qəbul edilməsi və bu ərazilərlə vizasız gediş-gəliş imkanlarının yaradılması ilə bağlı çağırışlar edirlər. Bu cür yanaşmalar Türkiyənin siyasi maraqlarına, xüsusilə də Cənubi Qafqazdakı mövqeyinə zərbə vurur. Eyni zamanda, Gürcüstan-Türkiyə münasibətlərinin pozulmasına səbəb ola bilər. Türkiyədə kürd məsələsi və PKK problemi hələ də tam həllini tapmayıb. Gürcüstanın separatçı bölgələrinin tanınması ilə bağlı çağırışlar isə gələcəkdə digər separatçı qüvvələrin də oxşar tələblərlə çıxış etməsinə və regional gərginliyin artmasına səbəb ola bilər.
Bu vəziyyətdən istifadə edən şovinist qüvvələr Gürcüstanda yaşayan azərbaycanlı türklərə qarşı da münaqişə yaratmağa cəhd göstərə bilərlər".
Ayan Məmmədzadə