Azərbaycan boksunda medal sevinci: Dörd idmançımız Avropa çempionatında yarımfinalda
Xorvatiyada keçirilən U-23 Avropa çempionatında Azərbaycan millisinin dörd boksçusu yarımfinala yüksələrək ən azı bürünc medalı təmin edib. İdmançılarımızın uğurlu çıxışı ölkəmizin turnirdə medal şanslarını artırıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən idman eksperti Kənan Məstəliyev bildirib ki, son dövrlərdə Azərbaycan boksunda müəyyən yüksəliş müşahidə olunur:
"İstər böyüklər, istərsə də aşağı yaş qrupları üzrə idmançılarımız uğurlar qazanmağa başlayıblar. Qadın boksunda da müəyyən irəliləyişlər var. Bu baxımdan, Xorvatiyada keçirilən U-23 Avropa çempionatında dörd boksçumuzun yarımfinala yüksəlməsi Azərbaycan boksunda müşahidə olunan inkişafın davamı kimi qiymətləndirilə bilər. Bu, yüksək səviyyəli turnirdə idmançılarımızın uğurlu çıxış etdiyini göstərən yaxşı nəticədir".
Onun fikrincə, idmançılarımızın əsas üstünlüklərindən biri onların potensiallı olması və əvvəlki illərdə də bu səviyyəli yarışlarda uğurlar qazana bilmələridir:
"Bununla belə, yarımfinal görüşləri kifayət qədər ciddi mübarizə tələb edir. İdmançıların finala yüksəlməsi və medal əldə etməsi birbaşa döyüşlərin gedişatından, rəqiblərə qarşı göstərəcəkləri performansdan asılı olacaq".
Sonda o bildirib ki, düşünürəm ki, dörd idmançımızın yarımfinala yüksəlməsi onların ən azı ikisinin finalda mübarizə aparmaq şansının olduğunu deməyə əsas verir:
"Hətta idmançılarımızdan birinin qızıl medal qazana biləcəyini də istisna etmirəm. Çünki onların potensialı var və əvvəlki illərdə də bu tip yarışlarda uğurlu nəticələr əldə ediblər. Mən ən azı iki finalçımızın olacağını gözləyirəm. Qızıl medal məsələsi isə artıq finala gedən yolda və döyüşlərin necə keçəcəyindən asılı olacaq".
Fatimə İbrahimova