Gənclər arasında psixoloji problemlər niyə artır? Sosial medianın təsiri nə qədərdir?
Son illərdə gənclər arasında narahatlıq, depressiv hallar, özünəinam problemləri və sosial təcrid kimi psixoloji çətinliklərin artması diqqət çəkir. Ailə münasibətləri, təhsil və gələcəklə bağlı təzyiqlər, sosial gözləntilər və müasir həyat tərzinin gənclərin psixoloji vəziyyətinə təsiri bu məsələdə mühüm amillər sırasında yer alır. Sosial medianın gənclərin psixologiyasına təsiri, eləcə də valideyn və müəllimlərin hansı davranış dəyişikliklərini həyəcan siqnalı kimi qəbul etməli olduğu da xüsusi əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında psixoloq Nabat Mirzəyeva bildirib ki, gəncin psixoloji vəziyyətinin formalaşmasına bir deyil, bir neçə faktor təsir edir:
“Gəncin psixoloji vəziyyətini ümumiyyətlə formalaşdıran bir yox, bir neçə faktor var. Burada ailə münasibətləri, məktəb, universitet, peşə, təhsil aldığı mühit, gələcəklə bağlı qeyri-müəyyənlik, maddi narahatlıqlar, sosial gözləntilər və həmyaşıd münasibətləri mühüm rol oynayır. Həmyaşıdların bir-birini nə dərəcədə anlayıb-anlamaması da gəncin psixoloji vəziyyətinə təsir göstərir. Misal üçün, gənc həm yaxşı oxumalıdır, həm gələcəyini qurmalıdır, həm sosial həyatda aktiv olmalıdır, həm yaxşı görünməlidir, həm də həmyaşıdlarından geri qalmamalıdır. Bu düşüncələr və istər-istəməz yaranan gözləntilər çoxaldıqda insan özünü daim “kifayət qədər yaxşı deyiləm”, “özümü yetərsiz hiss edirəm” kimi düşüncələrlə qiymətləndirə bilər. Bu isə insanın özünü həm yetərsiz, həm də dəyərsiz hiss etməsinə səbəb ola bilər. Burada ailənin yanaşması, sözsüz ki, daha çox vacibdir. Yəni uşağı daim başqaları ilə müqayisə etmək, məsələn, “filankəs universitetə girdi, sən isə girmədin”, “filankəs daha uğurludur, sən isə uğurlu olmadın” demək istər-istəməz motivasiyanı artırmaq əvəzinə həmin uşağın özünəinamını zədələyir və gələcəklə, həyatla, özü ilə bağlı inamını azaldır”.
Psixoloq qeyd edib ki, müasir həyat tərzi və fasiləsiz informasiya axını da gəncin üzərində əlavə yük yarada bilər:
“İnsan daim informasiya qəbul edir, daim nəyəsə çatmağa çalışır və istirahət zamanı belə beynini tamamilə söndürə bilmir. Çünki telefonların həyatımızda geniş yer aldığı hazırkı dövrdə istirahət zamanı belə müxtəlif informasiyalar əldə edərək beynimizi işlətməyə davam edirik. Ona görə də gəncin yaşadığı psixoloji çətinliyi yalnız onun xarakteri ilə əlaqələndirmək düzgün deyil. Bəzən problem gəncin zəif olması deyil, onun üzərinə həddindən artıq yük qoyulmasıdır”.
Sosial medianın təsirindən danışan Nabat Mirzəyeva bildirib ki, bu platformalar düzgün istifadə olunduqda gənclər üçün müəyyən imkanlar yaradır:
“Sosial media gəncin ünsiyyət həyatına, müxtəlif məlumatların əldə olunmasına, özünüifadəyə və sosial dəstək imkanlarının yaranmasına şərait yaradır. Sosial media vasitəsilə ünsiyyət aktivləşir, məlumatlar əldə olunur, özünüifadə imkanları genişlənir və sosial dəstək artır. Lakin istifadə problemli xarakter aldıqda istər-istəməz risklər də artmağa başlayır. Məsələn, sosial şəbəkədən düzgün istifadə edilmirsə, sağlam ünsiyyət qurulmur və platformalardan məqsədəuyğun şəkildə yararlanılmırsa, bu, risklərin artmasına gətirib çıxara bilər. Ən böyük psixoloji tələlərdən biri sosial müqayisədir. Gənc başqasının həyatının ən gözəl tərəflərini görür və bunu öz həyatındakı yaşantılarla müqayisə etməyə başlayır”.
Psixoloq kiberzorakılığın da gənclərin psixoloji vəziyyətinə təsir göstərə biləcəyini qeyd edib:
“Bundan başqa, mənfi rəylər və kiberzorakılıq da ciddi faktordur. Real həyatda yaşanan hadisədən fərqli olaraq, sosial şəbəkədə mənfi münasibət daha böyük auditoriyaya yayıla və insanın şəxsi məkanına qədər daxil ola bilər. Rəylərdə söylənilən fikirlər gənclərin özünəinamına, gördüyü işə və ya paylaşdığı posta münasibətinə təsir edə, onlarda neqativ düşüncələr yarada və özlərini pis hiss etmələrinə səbəb ola bilər”.
O, sosial medianın bütün psixoloji problemlərin birbaşa səbəbi kimi qiymətləndirilməsinin düzgün olmadığını da bildirib:
“Amma bunu xüsusilə vurğulayım ki, sosial media hər psixoloji problemin səbəbi deyil. Bəzən artıq narahat, tənha və özünəinamı aşağı olan gənc sosial mediadan daha çox istifadə edir. Biz deyə bilmərik ki, sosial mediadan yalnız uğurlu gənclər istifadə edir. Xeyr, sosial mediadan hər kəs istifadə edir. Burada iki istiqamət ola bilər: bəzən sosial media problem yaratmır, mövcud problemin üzərinə əlavə yük gətirir və onu daha görünən edir. Bəzən sosial mediada paylaşılan videolar və məlumatlar bizə müəyyən problemlərimizin olduğunu göstərir. Bu zaman həmin problemi həll etmək üçün mütəxəssislərə müraciət etməyə dəstək də ola bilər”.
Gülnar Mustafayeva