Gənclər “Elm, Etika və Gələcək” düşərgəsində bir araya gəliblər
“Yay Fest 2026” çərçivəsində keçirilən beş günlük düşərgədə gənclər süni intellekt, innovasiya, rəqəmsal etika və gələcəyin peşələri barədə biliklərini artırıblar
Süni intellekt və rəqəmsallaşmanın həyatın müxtəlif sahələrinə təsiri sürətlə artır. Bu dəyişikliklər fonunda gənclərin yeni texnologiyaların imkanlarını düzgün dəyərləndirməsi, onlardan məsuliyyətli istifadə etməsi və gələcəyin əmək bazarına hazırlaşması xüsusi əhəmiyyət daşıyır.

Bu məqsədlə “Yay Fest 2026” çərçivəsində sayca beşinci “Elm, Etika və Gələcək” düşərgəsi təşkil olunub. Beş gün davam edən düşərgədə gənclər süni intellekt və innovativ texnologiyalarla bağlı müxtəlif mövzularda nəzəri və praktiki sessiyalarda iştirak ediblər.
Süni intellektdən gələcəyin peşələrinə
Düşərgənin əsas məqsədlərindən biri gənclərin süni intellekt və müasir texnologiyalar barədə məlumatlılığını artırmaq, bu imkanlardan səmərəli və məsuliyyətli istifadə ilə bağlı maarifləndirmə aparmaq olub.
Proqram çərçivəsində iştirakçılar süni intellektin təhsil, karyera, yaradıcılıq və gündəlik həyatda yaratdığı imkanlarla tanış olublar. Bununla yanaşı, texnoloji inkişafın meydana çıxardığı yeni çağırışlar, rəqəmsal etika, gələcəyin peşələri və əmək bazarının dəyişən tələbləri barədə fikir mübadiləsi aparılıb.
Peşəkarların iştirakı ilə keçirilən “Yüksəliş masası”, “Xarici universitetlərə müsahibə zamanı nələr etməli?”, “Xaricdə təhsil: Gözləntilər və reallıq” və “Qlobal imkanlardan uğurlu karyeraya: Təhsil, təcrübə və inkişaf” adlı panel görüşlər və praktiki sessiyalar da düşərgənin əsas istiqamətlərindən olub.
Bu görüşlər zamanı gənclər süni intellekt və innovasiyanın təhsil və karyeraya təsiri, beynəlxalq təhsil imkanları, xarici universitetlərə qəbul və müsahibə prosesinə hazırlıq, qlobal imkanlardan səmərəli istifadə, eləcə də şəxsi və peşəkar inkişafla bağlı faydalı məlumatlar əldə ediblər.
Təcrübəli şəxslərlə görüşlər
Düşərgə iştirakçıları müxtəlif sahələr üzrə tanınmış mütəxəssislərlə görüşmək və onların təcrübəsindən yararlanmaq imkanı da əldə ediblər.
“Ali təhsildə yeni trendlər: Süni intellekt, innovasiya və karyera” mövzusunda Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fariz İsmayılzadə ilə görüş keçirilib. Görüş zamanı ali təhsildə baş verən dəyişikliklər, texnoloji yeniliklərin təhsil və karyera imkanlarına təsiri müzakirə olunub.
Bundan başqa, Azərbaycanın siyasi və dövlət xadimi, diplomat, alim və tarix elmləri doktoru Həsən Həsənovla “Azərbaycanın qədim dövlətçilik ənənələri” mövzusunda görüş baş tutub. Görüşdə Azərbaycan dövlətçilik tarixinin müxtəlif mərhələləri barədə fikir mübadiləsi aparılıb.

Öyrənmə ilə yanaşı, əyləncə
Düşərgənin proqramı yalnız maarifləndirici tədbirlərlə məhdudlaşmayıb. Gənclərin asudə vaxtının səmərəli təşkili və komanda ruhunun gücləndirilməsi üçün müxtəlif fəaliyyətlər də keçirilib.
İştirakçılar yoqa və zumba məşqlərində, master-klass və vörkşoplarda, intellektual oyunlarda və idman yarışlarında iştirak ediblər. Haykinq təşkil olunub, həmçinin Şamaxı Astrofizika Rəsədxanasına ekskursiya keçirilib.
Axşam saatlarında isə musiqili proqramlar, gənclərin sevimli müğənnilərinin çıxışları, DJ performansları və tonqal ətrafında görüşlər təşkil olunub. Bu fəaliyyətlər iştirakçıların bir-biri ilə daha yaxından tanış olmasına, yeni dostluqlar qurmasına və komanda ruhunun möhkəmlənməsinə imkan yaradıb.
Beləliklə, “Elm, Etika və Gələcək” düşərgəsi gənclər üçün həm yeni bilik və bacarıqlar qazandıqları, həm də sosiallaşaraq fərqli təcrübələr əldə etdikləri platformaya çevrilib.

“Yay Fest 2026” çərçivəsində 8 düşərgə keçiriləcək
Qeyd edək ki, “Yay Fest 2026” Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, IDEA İctimai Birliyinin tərəfdaşlığı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi, “Böyük Qayıdış” Gənclər Təşkilatı və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Sentyabrın 4-dək davam edəcək festival çərçivəsində ümumilikdə 8 tematik düşərgənin keçirilməsi nəzərdə tutulur. Bunlar “Rəqəmsal Dövlət”, “Media və Rəqəmsal Savadlılıq”, “Kreativ AI”, “Müasir Şəhərlər və Texnologiya”, “Elm, Etika və Gələcək”, “Mühəndislik və Kod”, “Startap və Sahibkarlıq” və “AI – İdman və Sağlamlıq” düşərgələridir.
Hər biri 5 gün davam edəcək düşərgələrdə ümumilikdə 2 mindən çox gəncin iştirakı gözlənilir. Festival çərçivəsində keçirilən tədbirlər gənclərin müasir texnologiyalar, elm, innovasiya və gələcəyin əmək bazarı barədə biliklərinin artırılması ilə yanaşı, onların şəxsi və peşəkar inkişafına da töhfə verməyi hədəfləyir.