Gənclər "Urban Hackathon 2026"da dayanıqlı şəhər mobilliyi üçün həllər təqdim ediblər
Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksində 13-16 mart tarixlərində keçirilən “Urban Hackathon 2026: Dayanıqlı Şəhər Mobilliyi üzrə Milli Tələbə Hakatonu” uğurla başa çatıb. Tədbir Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil edilən Azərbaycan Şəhərsalma Kampaniyası (#AUC2026) çərçivəsində reallaşıb. 150-dən çox tələbə 48 saat ərzində multimodal nəqliyyat, mikromobillik və rəqəmsal şəhər platformaları üzrə innovativ layihələr üzərində işləyib, ideyalarını ekspert mentorluğu ilə gerçəkləşdiriblər.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, hakatonlar, əslində, tələbə üçün ən sürətli öyrənmə mühitlərindən biridir:
“ Çünki burada zaman məhduddur, problem realdır və nəticə gözləniləndir. Tələbə artıq passiv dinləyici rolundan çıxır, qərar verən, araşdıran və tətbiq edən subyektə çevrilir. Bu prosesdə onlar təkcə texniki biliklərini deyil, eyni zamanda analitik düşünmə, komanda ilə işləmə, zamanın idarə olunması və təzyiq altında qərarvermə kimi bacarıqlarını inkişaf etdirirlər. Auditoriyada bəzən nəzəri olaraq izah edilən bir anlayış hakatonda konkret problem üzərində işləyərkən daha dərindən və qalıcı şəkildə mənimsənilir. Yəni tələbə “bunu niyə öyrənirəm?” sualına real cavab tapır. Bu cür layihələrin universitetlərdə öyrənilən nəzəri biliklərlə əlaqələndirilməsi isə çox mühüm məsələdir. Əslində, hakatonlar nəzəriyyənin praktiki laboratoriyası rolunu oynayır. Məsələn, şəhər mobilliyi ilə bağlı dərsdə keçilən anlayışlar - nəqliyyat axınları, urbanizasiya, rəqəmsal həllər və s. - hakatonda konkret bir şəhər problemi üzərində tətbiq edilir. Bu zaman tələbə anlayır ki, dərsdə öyrəndiyi formul və ya model sadəcə imtahan üçün deyil, real həyatda istifadə oluna biləcək bir alətdir. Universitetlər bu prosesi daha da gücləndirmək üçün hakaton nəticələrini layihə işi, kredit və ya tədqiqat fəaliyyəti kimi tanıya bilər. Bu, tələbəni daha motivasiyalı və məqsədyönlü edir. Gələcək karyera baxımından isə bu tip tədbirlər tələbələr üçün çox ciddi üstünlüklər yaradır. Birincisi, onlar real problemlər üzərində işlədikləri üçün artıq “təcrübəsiz məzun” kimi deyil, müəyyən layihə portfeli olan gənc kimi formalaşırlar. İkincisi, burada qurulan əlaqələr - mentorlar, ekspertlər və digər iştirakçılar - gələcək iş imkanlarına açılan qapıya çevrilə bilir. Üçüncüsü, tələbə özünü sınayır və hansı istiqamətdə daha güclü olduğunu kəşf edir. Bəzən bir hakaton iştirakçının bütün karyera trayektoriyasını dəyişə bilir. Ən önəmlisi isə odur ki, gənclər problem görən deyil, problem həll edən düşüncə tərzinə yiyələnirlər ki, bu da müasir əmək bazarında ən çox tələb olunan keyfiyyətlərdən biridir. Ümumilikdə, belə təşəbbüslər təhsil sisteminə yeni nəfəs gətirir. Əgər biz gələcəyin şəhərlərini qurmaq istəyiriksə, bu şəhərləri düşünən, dizayn edən və idarə edən gəncləri də bu cür mühitlərdə yetişdirməliyik. Bu baxımdan “Urban Hackathon 2026” kimi layihələr sadəcə bir tədbir deyil, gələcəyin insan kapitalına qoyulan real investisiyadır “.
Reyhan Quliyeva