00:00:00
Yazar
Ayan Sədi
15.02.2026 17:13 13 2 dəq oxuma
Araşdırma

Gənclərin psixologiyasına sosial şəbəkələrin təsiri: artan aqressiya nədən xəbər verir?

Gənclərin psixologiyasına sosial şəbəkələrin təsiri: artan aqressiya nədən xəbər verir?

Son dövrlər məktəblərdə şagirdlər arasında müşahidə olunan zorakılıq və müəllimlərə qarşı aqressiya halları cəmiyyətdə ciddi narahatlıq doğuran məsələyə çevrilib. Bu davranışların kökündə duran səbəblər və sosial medianın bu prosesdəki rolu geniş müzakirə olunur. 

 

Mövzu ilə bağlı psixoloq Nizami Orucov "İnformator.az"a açıqlamasında bildirib ki, məktəblərdə baş verən aqressiya hallarında sosial şəbəkələrin rolu kifayət qədər böyükdür:

 

"Sosial mediada aqressiv davranışların normallaşdırılması, zorakılığın "cəsarət", "güc", və ya "özünüifadə" kimi təqdim olunması yeniyetmələrin düşüncə tərzinə birbaşa təsir edir. Uşaq və yeniyetmə hələ dəyərlər sistemini tam formalaşdırmadığı üçün gördüyünü süzgəcdən keçirmədən qəbul edir və bunu bir davranış modeli kimi mənimsəyir. Virtual mühitdə zorakılığın "cəzalandırılmaması" hissi reallıqda da məsuliyyətin olmadığı illüziyasını yaradır. Empatiya bacarığının zəif formalaşması və emosiyaları idarə edə bilməmək yeniyetmələrin virtualda gördükləri aqressiyanı real həyata keçirməsinə səbəb olur".

 

Ailə və məktəb mühitinin bu halların qarşısının alınmasındakı roluna toxunan psixoloq qeyd edib ki, problemə yanaşma tərzi dəyişməlidir:

 

"Ailədə emosional boşluq, diqqətsizlik və ya daim təzyiq altında böyüyən yeniyetmələr daxillərində yığılan aqressiyanı uyğun fürsətdə kənara çıxarırlar. Bu nöqtədə həm məktəbin, həm də ailənin rolu həlledicidir. Məktəblərdə yalnız intizam tədbirləri deyil, psixoloji dəstək mexanizmləri gücləndirilməlidir. Zorakılığa yalnız cəza ilə deyil, onun kökündə duran səbəbi anlamaqla yanaşmaq daha effektivdir. Sosial mediadan sağlam istifadə vərdişi isə qadağalarla deyil, maarifləndirmə ilə formalaşır. Valideynlər və müəllimlər uşaqlara alternativ maraq sahələri yaratmalıdırlar. Unutmaq olmaz ki, uşaq izah ediləni deyil, gördüyünü və yaşadığını təkrarlayır".

 

Lalə Əhməd

#xeber #gundem
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər