“Gənclərlə, gənclər üçün”
“Səyyar Gənclər Xidməti” layihəsi oktyabrın 5-dən 9-dək Kürdəmir rayonunda fəaliyyət göstərərək gənclərə müxtəlif istiqamətlər üzrə xidmətlər təqdim edib.
Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Bu il “Gənclərlə, gənclər üçün” devizi altında reallaşdırılan layihənin məqsədi dövlət gənclər siyasəti çərçivəsində yaradılan imkan və xidmətləri, xüsusilə məşğulluq, innovasiya və rəqəmsallaşma sahələrindəki təşəbbüsləri region gəncləri üçün daha əlçatan etməkdir.
Layihənin Kürdəmirdə keçirilən açılış mərasimi Dövlət Himninin səsləndirilməsi və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsinin yad edilməsi ilə başlayıb. Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini Ağali Kərimli və Gənclərin İnkişaf və Karyera Mərkəzinin şöbə müdiri Aqil Quliyev çıxış edərək layihənin gənclərin şəxsi inkişafı, karyera planlaması və ictimai fəallığının artırılması baxımından əhəmiyyətini vurğulayıblar.
Beş gün davam edən proqram çərçivəsində “Vətənpərvərlik”, “Təhsil və karyera”, “Rəqəmsal düşüncə”, “Fiziki aktivlik və sağlamlıq”, “Yaradıcı gənclik” və “Əyləncə” zonaları fəaliyyət göstərib. Gənclər bu zonalarda təşkil olunan vorkşoplarda, ustad dərslərində, viktorinalarda və intellektual yarışlarda iştirak edərək bilik və bacarıqlarını inkişaf etdiriblər.
Həftə ərzində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən maarifləndirici sessiyalar keçirilib. Kürdəmir Peşə Liseyi isə sərgi təşkil edib.

Peşəkar mütəxəssislərin iştirakı ilə keçirilən təlimlərdə ixtisas seçimi, karyera planlaması, şəxsi inkişaf, süni intellekt texnologiyalarının yaratdığı imkanlar və sağlam həyat tərzi mövzularında müzakirələr aparılıb.
Qeyd edək ki, noyabr ayınadək ölkənin 20 şəhər və rayonunda 8 mindən çox gənci əhatə etməsi nəzərdə tutulan layihə indiyədək Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Xızı, Lənkəran, Astara, Lerik, Yardımlı və Salyanda həyata keçirilib.