00:00:00
Yazar
Admin User
29.11.2025 07:45 169 3 dəq oxuma
Sosial

Görünməyən Zəhmət: "Kuryerlərin İş Şəraiti, Psixoloji Yükü və Hüquqi Boşluqlar”

Görünməyən Zəhmət: "Kuryerlərin İş Şəraiti, Psixoloji Yükü və Hüquqi Boşluqlar”

Kuryerlər şəhər həyatının görünməyən, lakin ayrılmaz hissəsidir. Onlar hər gün tıxac, hava şəraiti və vaxt təzyiqi ilə mübarizə apararaq minlərlə insanın gündəlik ehtiyacını qarşılayırlar. Buna baxmayaraq, onların zəhməti çox zaman qiymətləndirilmədən qalır və sosial görünməzlik problemi daha da dərinləşir. Bu mövzu kuryerlərin real həyat şəraitini, psixoloji yükünü və cəmiyyətin onlara münasibətini daha yaxından anlamaq üçün mühüm əhəmiyyət daşıyır. Mövzu ilə bağlı kuryerlərin bu istiqamətdə fikirlərini, psixoloji yorğunluqlarını və əmək məcəlləsi baxımımdan hüquqlarını öyrənməyə çalışdıq.

 

Məsələnin ilkin gedişatını öyrənməkdə bizə kömək edən İlk müsahibimiz Elvin Məmmədovdur. Onun 28 yaşı var və 3 illik təcrübəyə malik kuryerdir. Onun mövzuya dair fikirləri də maraqlıdır:

 

-Mənim üçün iş günü çox erkən başlayır və bəzən gecə saatlarına qədər davam edir. Gündə 10-12 saat işləmək artıq adiləşib, amma etiraf edim ki, şəxsi həyat üçün demək olar ki, vaxt qalmır. Axşamlar elə yorğun oluram ki, heç kimlə görüşmək, harasa getmək istəmirəm. Vaxtında çatdırmaq məsuliyyəti bizi tez-tez riskə salır. Tıxaclarda sürətli manevr etmək, yağışda, qarda tələsik sürmək və dar küçələrdən “uçmaq” məcburiyyəti olur. Ən böyük təhlükə isə yol-nəqliyyat hadisələridir. Sürücülər çox vaxt bizi görmür, üstəlik tələskənlik diqqəti azaldır. Bir də ki, bəzən əsəbi müştərilərlə qarşılaşmaq əlavə stres yaradır. Açığı, özüm qeyri-rəsmi işləyirəm. Bizim sahədə çoxları belədir. Bu da o deməkdir ki, nə sosial təminat var, nə də sabitlik. Hər şey günün qazancından asılıdır.

 

Saytımıza danışan müştəri Şəhla Mirzəliyeva isə kuryerlərin çətin iş şəraitindəki vəziyyətdən bəhs edib:

 

-Kuryerlərin işinin çətin olduğunu bilirəm. Soyuqda da, istidə də çalışırlar, gün boyu yollardadırlar və müxtəlif xarakterli insanlarla qarşılaşırlar. Məncə, hər işin öz çətinliyi var və bu da normaldır. Onlarla bağlı əsas narahatlığım yalnız çatdırmanın gec gəlməsidir. Amma ,ümumən, əsəbi biri deyiləm və gecikmə olanda da əsəbləşmirəm

 

Digər müştəri Nəriman bəyin söylədikləri də Şəhla xanımın fikirlərindən heç də fərqlənmir:

 

-Kuryerlərin işinin çox çətin olduğunu düşünürəm, xüsusilə də pul qazanmaq üçün bu sahəyə girən gənclər üçün belədir. Onlarla ünsiyyət bəzən çətin ola bilər, çünki gün ərzində çoxlu paket çatdırdıqlarına görə əsəbi görünə bilirlər. Sifariş gecikəndə isə adətən hirslənmirəm, amma gecikmə çox uzanarsa bir az sərt danışa bilərəm.

 

Mövzuyla bağlı mütəxəssis psixoloq Sevinc Həbibova isə kuryerlərin psixoloji yüklənmə nəticəsində yaranan problemlərindən danışıb:

 

-Kuryerlik çox vaxt xüsusi akademik hazırlıq tələb etməyən peşə kimi qəbul olunur və buna görə də insanlar onu “asan iş” kimi görür, nəticədə əməyin dəyəri azaldılır. Bir çox hallarda kuryerlər müştəri üçün sadəcə adsız, ünsiyyətsiz bir xidmət vasitəsi kimi görünür, bu isə onların peşəsinə verdiyi dəyəri aşağı sala bilir. İş rejimləri kuryerlərin sosial çevrəsini də məhdudlaşdırır, ünsiyyət imkanlarını azaldır. Sifariş gecikdikdə və müştəri aqressiv olduqda psixoloji yük yaranır, onlar özlərini günahkar və dəyərsiz hiss edə bilirlər. Halbuki bu insanlar da vətəndaşdır, çalışır və zəhmət çəkirlər. Kuryerlik nə qədər sadə görünsə də, məsuliyyətli və vacib peşədir, onların cəmiyyətin etirafına və anlayışına ehtiyacı var.

 

Digər məsələ ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu ünvanlasaq da, aidiyyəti qurumdan heç bir cavab verilməyib.

 

Nazim Xeyrxəbərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər