“Əgər kəməri Türkmənistan çəksə, Azərbaycan üçün risk yoxdur” - ŞƏRH
Türkmənistanda Azərbaycanla enerji təhlükəsizliyi və dayanıqlı enerji istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “X” hesabında paylaşım edib.
Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov “İnformator.az”a açıqlamasında bildirib ki, Türkmən qazının Azərbaycan üzərindən daşınması üçün Türkmənistandan Azərbaycana qaz kəməri çəkilməlidir:
“Əgər belə bir qaz kəmərini Türkmənistan çəkəcəksə, Azərbaycan üçün heç bir risk yaratmır. Azərbaycan burada yalnız öz ərazisində olan tranzit xərclərini əldə edəcəkdir. Azərbaycan çəkəcəksə, o, həmin tranzit pullarını alacaq. Amma bu, risk deyil. Çünki sonda Türkmənistan yenə qazını köhnə geosiyasi təzyiqlər vasitəsilə Rusiyaya göndərə bilər. Yəni Azərbaycana göndərməyə bilər və Azərbaycanın çəkdiyi boru kəməri israf ola bilər. Bundan ibarətdir. Təbii ki, Türkmənistan etibarlı tərəfdaş deyil və bu baxımdan risk yüksək olduğundan Azərbaycan bu sahəyə investisiya etməməlidir. Yalnız Türkmənistan özü belə bir qaz kəmərini maliyyələşdirdiyi halda Türkmənistan qazının Azərbaycandan keçməsi barədə danışmaq olar. Bu zaman Azərbaycan öz daxilindəki qaz kəmərinin istismarından gəlir əldə edir. Bu istismar xərcləri və gəlirləri yaranır. Təbii ki, gəlirlər hesab oluna bilər ki, xərcləri qarşılayır. Hərçənd Azərbaycan təcrübəsində bu həmişə belə olmur. Hansısa qurumun maraqları ümumi iqtisadi maraqlardan üstün gəlir. Məsələn, Azərbaycan Türkiyəyə, Gürcüstana qaz satır, başqa yerlərə nisbətən daha ucuz qiymətə. Eyni zamanda başqa yerlərdən qaz alır və onu daha ucuz qiymətə satır və s. Belə qurum maraqları, xüsusən də Dövlət Neft Şirkətinin əməliyyatları və investisiya qərarları şəffaf deyil. Onların səmərəliliyi barədə tam hesabat verilmir. Ayrı-ayrı ölkələrdəki investisiya fəaliyyətləri barədə də açıq hesabat yoxdur. Belə məsələlərdə neft şirkətinə nəzarət edilməlidir. Qərarvermə daha çox səmərəlilik prinsipi ilə aparılmalıdır”.
Nuray Əliyeva