“Gümüşün 11%-dən çox ucuzlaşması bazarlar üçün qeyri-adi siqnaldır”
“ “Comex” birjasında gümüş fyuçerslərinin qiymətində qeydə alınan 11%-dən artıq kəskin eniş qlobal maliyyə bazarlarında risklərin yenidən qiymətləndirilməsi və volatilliyin artması deməkdir”.
Bunu iqtisadçı-ekspert Asif İbrahimov “İnformator.az” saytına açıqlamasında bildirib.
Ekspert qeyd edib ki, Birjanın açıqladığı məlumata görə gümüş fyuçersləri 11,87% azalaraq 1 troya unsiyası üçün 73,415 ABŞ dollarına enib:
“Bu ucuzlaşmanın əsas səbəbləri ABŞ dollarının möhkəmlənməsi, əsas mərkəzi bankların faiz dərəcələrini gözləniləndən daha uzun müddət yüksək səviyyədə saxlaya biləcəyi ilə bağlı gözləntilər, eləcə də gümüş bazarında formalaşmış spekulyativ mövqelərin kütləvi şəkildə bağlanmasıdır. Qlobal iqtisadi artım tempinin zəifləməsi ilə bağlı narahatlıqlar da gümüşün sənaye metalı kimi tələbinə dair riskləri artırır. Gümüş bazarında gündəlik qiymət dəyişmələri adətən 1–3% aralığında dəyişir. 11%-dən çox eniş bazar üçün qeyri-adi hal hesab olunur. Əsasən, panik satışlar, texniki dəstək səviyyələrinin qırılması və iri investorların mövqelərini sürətlə bağlaması fonunda baş verir. Azərbaycana mümkün təsirlərinə gəldikdə, birbaşa təsir məhdud olsa da, dolayı təsirlər qaçılmazdır. İlk növbədə, qlobal qiymətli metallar bazarında volatilliyin artması yerli investorların risk iştahasına mənfi təsir göstərə bilər”.
Ekspert vurğulayıb ki, qiymətli metallara, o cümlədən qızıl və gümüşə maraq daha ehtiyatlı yanaşma ilə əvəz oluna bilər:
“Bununla yanaşı, beynəlxalq bazarlarda gümüşün ucuzlaşması Azərbaycan bazarında bu metalın qiymətinin formalaşmasına müəyyən təzyiq yarada, zərgərlik və sənaye məqsədli idxalda maya dəyərinin azalmasına səbəb ola bilər. Digər tərəfdən, bu proses qlobal maliyyə bazarlarında qeyri-sabitliyin artdığını göstərdiyi üçün investorların daha çox təhlükəsiz, likvid alətlərə, o cümlədən nağd vəsaitə və bank alətlərinə üstünlük verməsi ehtimalını artırır. Qısacası, “Comex” birjasında gümüşün kəskin ucuzlaşması Azərbaycan üçün ciddi birbaşa risk yaratmasa da, qlobal bazarlardakı dalğalanmalar fonunda investor davranışlarında ehtiyatlılıq meylinin gücləndiyini və maliyyə bazarlarında psixoloji təsirin artdığını göstərir”.

Nuray Əliyeva
