“Gündəlik qiymət yox, uzunmüddətli ortalama vacibdir”
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.09 ABŞ dolları və ya 0,14% azalaraq 65,23 ABŞ dollarına bərabər olub.
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, neft qiymətlərinin gündəlik analizi Azərbaycan və dünya iqtisadiyyatı nöqteyi-nəzərindən heç nə vəd etmir və heç nə göstərmir:
“Neftin qiyməti birjada qalxa və düşə bilir. Əsas odur ki, trendlər hansı yöndədir və uzunmüddətli zaman kəsimində hansı orta qiymət alınır. Bizim üçün vacibdir ki, aylıq, altı aylıq, bir illik orta qiymət necə olacaq. Tendensiya ucuzlaşmaya doğrudur. Dünyaya da nəzər salanda gedən tendensiyalar onu deməyə əsas verir ki, neft qiymətlərinin ucuzlaşması ehtimalı həddindən artıq çoxdur. Bu tendesiya çərçivəsində dəyərləndirmək olar. Hələlik neftin qiyməti Azərbaycan üçün komfort zonalarda gəlirlərin artmasında təsiri var. Amma qlobal tendensiyada təsiri yoxdur. Amma aşağı olsa, bu zaman Azərbaycanın makroiqtisadi göstəricilərinə ciddi problem yarana bilər”.
Nuray Əliyeva
