Gürcüstan Azərbaycandan neft idxalını artırıb
Yanvar–noyabr aylarında Gürcüstan Azərbaycandan 99 milyon dollar dəyərində 143 min ton neft və neft yağları idxal edib.
Rəsmi statistikaya əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 30 faiz, həcm üzrə isə 49 faiz artım deməkdir. Məlumatlar Azərbaycan və Gürcüstan arasında enerji sahəsində ticarət əlaqələrinin genişləndiyini göstərir.
Qeyd olunur ki, sözügedən dövrdə Azərbaycandan Gürcüstana ixrac olunan neft və neft məhsulları ümumi idxalda mühüm paya malik olub.
Mövzu ilə bağlı iqtisadçı Vüqar Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, bu hadisə regionun ümumi inkişafına və sabitliyinə töhfə verir:
“Azərbaycan Gürcüstanın enerji təhlükəsizliyinin formalaşmasında əsas rol oynayan və mühüm töhfə verən ölkələrdən biridir. Azərbaycan-Gürcüstan münasibətləri xüsusilə enerji sahəsində-yəni, həm neft, həm də təbii qaz məhsullarının nəqli və ixracı sahəsində strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir.
Bu əməkdaşlıq bir tərəfdən Cənubi Qafqazda regional əməkdaşlıq platformalarının genişlənməsinə, regionun ümumi inkişafına və sabitliyinə töhfə verir. Digər tərəfdən isə Azərbaycanın neft və qaz məhsullarını Gürcüstana və Gürcüstan vasitəsilə Avropaya ixrac etməsi ölkəyə həm valyuta axınının artmasına, həm də beynəlxalq enerji bazarlarında etibarlı tərəfdaş kimi mövqeyinin güclənməsinə səbəb olur.
Eyni zamanda, Gürcüstan Azərbaycan üçün önəmli bir transit ölkədir. Gürcüstan da Azərbaycanın enerji daşıyıcılarına olan tələbin artması fonunda daha çox enerji idxal edir. Bu da Gürcüstanın enerji təminatında Azərbaycanın rolunu artırır.
Nəticə olaraq, Azərbaycan və Gürcüstan arasında enerji sahəsindəki əməkdaşlıq hər iki ölkənin milli maraqlarına uyğundur, qarşılıqlı faydalıdır və regionun ümumi sabitliyinə, iqtisadi inkişafına töhfə verir”.
Aydan Əsgərxanlı
