Gürcüstan mənşəli heyvanların tranzitinə qoyulan məhdudiyyət ləğv olunub
AQTA Gürcüstandan gələn iri və xırdabuynuzlu heyvanların Azərbaycan ərazisindən tranzit daşınmasına tətbiq edilən məhdudiyyəti aradan qaldırıb.
Qərar Gürcüstanın müvafiq qurumunun təqdim etdiyi rəsmi məlumata əsaslanır. Həmin məlumatda ölkədə aparılan baytarlıq tədbirlərinin nəticələrinin stabil olduğu, epizootik vəziyyətin nəzarətdə saxlanıldığı və təhlükəli yoluxucu xəstəliklər üzrə riskin minimal qiymətləndirildiyi bildirilir.
Mövzu ilə bağlı baytar Cansu Məmmədova “İnformator.az”a açıqlamasında bildirib ki, xəstəlik riski görünən kimi onlar dərhal təcrid olunur:
“Tranzit heyvanlarda xəstəlik riski görünən kimi onlar dərhal təcrid olunur, klinik baxış keçirilir və lazım olsa, nümunə götürülür. Təsdiqlənmiş təhlükə varsa, marşrut dayandırılır və dezinfeksiya tədbirləri aparılır.
Heyvanlar ölkəyə daxil olanda və marşrut boyunca sənədləri yoxlanır, vizual baxış edilir və ehtiyac olarsa, qısa klinik qiymətləndirmə aparılır. Nəzarət postlarında əlavə yoxlama mümkündür. Daxilolmada sənəd və identifikasiya yoxlanışı, vizual müayinə, nəqliyyat vasitəsinin dezinfeksiya aktına baxış aparılır. Şübhə olarsa, temperatur ölçülür və nümunə götürülür ki, yayılma riski minimum olsun”.
Mövzu ilə bağlı qida təhlükəsizliyi üzrə ekspert İlkin Kərimov “İnformator.az”a açıqlamasında bildirib ki, heyvan xəstəlikləri üzrə epizootik vəziyyətdə son aylar ərzində sabitləşmə meyilləri müşahidə olunub:
“Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi bildirişlərinə əsasən, region ölkələrinin bir qismində xüsusi təhlükəli yoluxucu heyvan xəstəlikləri üzrə epizootik vəziyyətdə son aylar ərzində sabitləşmə meyilləri müşahidə olunub, xəstəliklərin yayılma dinamikasında azalma qeydə alınıb.
Bundan əlavə, Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təqdim olunmuş rəsmi məlumatda ölkədə həyata keçirilən baytarlıq tədbirləri və epizootoloji monitorinqin nəticələrinə əsasən, epizootik durum stabil qiymətləndirilir. Həmçinin baytarlıq-sanitariya tələblərinə tam əməl olunduğu, epizootik vəziyyətin davamlı nəzarətdə saxlanıldığı və xüsusi təhlükəli yoluxucu heyvan xəstəliklərinin yayılması riskinin minimal olduğu barədə rəsmi zəmanət təqdim edilib.
Bu məqsədlə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Gürcüstan mənşəli iri və xırdabuynuzlu heyvanların Azərbaycan ərazisindən keçməklə tranzit daşınmasına tətbiq edilmiş məhdudiyyətin 2025-ci il 10 dekabr tarixindən etibarən aradan qaldırılması barədə qərar qəbul olunub”.
Aydan Əsgərxanlı
