Gürcüstanın Azərbaycandan aldığı təbii qazın dəyəri azalıb
Gürcüstanın Azərbaycandan idxal etdiyi təbii qazın dəyəri ötən il azalıb. 2025-ci ildə Gürcüstan Azərbaycandan 236,7 milyon ABŞ dolları dəyərində təbii qaz idxal edib. Bu göstərici 2024-cü illə müqayisədə 7 % azdır. Bununla belə, Azərbaycan Gürcüstana təbii qaz ixrac edən ölkələr arasında lider mövqeyini qoruyub. Təkcə 2025-ci ilin dekabr ayında Gürcüstan Azərbaycandan 34,1 milyon ABŞ dolları dəyərində təbii qaz alıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6 % azalma deməkdir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında enerji eksperti, iqtisadçı Şaban Nəsirov bildirib ki, Gürcüstanın Azərbaycandan idxal etdiyi təbii qazın dəyərinin 2025-ci ildə 7 % azalması bir neçə əsas amillə izah oluna bilər:
"İlk növbədə, beynəlxalq qaz bazarlarında qiymətlərin 2024-cü illə müqayisədə nisbətən sabitləşməsi və müəyyən dövrlərdə ucuzlaşması bu göstəriciyə birbaşa təsir göstərib. Xüsusilə Avropa bazarlarında LNG təklifinin artması və anbarların doluluq səviyyəsinin yüksəlməsi regional qaz qiymətlərinin aşağı düşməsinə səbəb olub. Nəticədə Gürcüstan əvvəlki illə eyni və ya oxşar həcmdə qaz idxal etsə belə, bunun pul ifadəsində dəyəri azalıb. Digər mühüm amil Gürcüstanın daxili enerji balansında hidroelektrik istehsalının payının artmasıdır. Yağışlı illərdə və su ehtiyatlarının bol olduğu dövrlərdə Gürcüstanın HES-lərdən əldə etdiyi elektrik enerjisi qaz tələbatını qismən azaldır. Eyni zamanda, enerji səmərəliliyi tədbirləri və sənaye istehlakında artım tempinin zəifləməsi də qaz idxalının dəyərinə təsir göstərən faktorlar sırasındadır.
Buna baxmayaraq, Azərbaycanın Gürcüstan üçün əsas qaz tədarükçüsü olaraq lider mövqeyini qoruması region üçün mühüm strateji əhəmiyyət daşıyır. Azərbaycan-Gürcüstan enerji əməkdaşlığı Cənubi Qafqazda enerji təhlükəsizliyinin əsas dayaqlarından biri hesab olunur. Azərbaycan qazı Gürcüstan üçün yalnız iqtisadi baxımdan deyil, həm də geosiyasi baxımdan etibarlı və proqnozlaşdırıla bilən mənbədir. Uzunmüddətli müqavilələr, sabit nəql infrastrukturu və tranzit risklərinin minimal olması Gürcüstanın enerji təhlükəsizliyini gücləndirir. Bundan əlavə, Gürcüstan Azərbaycanın qaz ixracında mühüm tranzit ölkə rolunu oynayaraq, Cənubi Qaz Dəhlizi çərçivəsində Avropanın enerji təminatında strateji mövqeyini möhkəmləndirir. Bu qarşılıqlı asılılıq regional sabitlik və iqtisadi inteqrasiyanı da təşviq edir.
Gələcək illərdə Gürcüstanın təbii qaz idxalında mənbələrin müəyyən dərəcədə şaxələndirilməsi ehtimalı mövcuddur, lakin bu prosesin sürətli və kəskin olacağı gözlənilmir. Gürcüstan alternativ olaraq LNG idxalı imkanlarını, eləcə də regional bazarlardan məhdud həcmdə qaz tədarükünü nəzərdən keçirə bilər. Bununla yanaşı, bərpa olunan enerji mənbələrinə, xüsusilə külək və günəş enerjisinə yatırımların artması qazdan asılılığı uzunmüddətli perspektivdə azalda bilər. Lakin mövcud infrastruktur, qiymət üstünlüyü və təchizat etibarlılığı baxımından Azərbaycan qazı yaxın və orta müddətdə Gürcüstan üçün əsas və dominant mənbə olaraq qalacaq. Bu da Azərbaycanın regiondakı enerji liderliyinin qorunacağını göstərir".
Aişə Mustafayeva
