Gerçək, yoxsa süni intellektin məhsulu?
Son günlər sosial şəbəkələrdə yayılan bəzi videolar ictimaiyyətdə ciddi çaşqınlıq yaradıb. İnsanlar artıq gördüklərinin gerçək hadisə, yoxsa süni intellekt tərəfindən yaradılmış saxta görüntü olduğunu ayırd etməkdə çətinlik çəkirlər. “Deepfake” texnologiyalarının sürətli inkişafı informasiya mühitində etibarlılıq məsələsini daha da çətinləşdirib. Bu vəziyyət həm media, həm də cəmiyyət üçün yeni risklər yaradır.
Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında marketinq və süni intellekt alətləri üzrə təlimçi Abdulla Abdullayev bildirib ki, bu, bəlkə də müasir dövrün üzləşdiyi ən qarışıq vəziyyətlərdən biridir:
“Marketinq və kommunikasiya sahəsindəki biri kimi deyə bilərəm ki, bizim fəaliyyətimizin əsasını etimad təşkil edir. İnsanlar eşitdiklərinə və gördüklərinə inanmadıqda, bu etimad təməldən sarsılır. Biz "həqiqət böhranı" adlanan bir dövrə qədəm qoymuşuq. Problem təkcə sosial şəbəkələrdəki əyləncəli videolardan ibarət deyil. Bu, birbaşa korporativ təhlükəsizliyə də təsir edir.
Təsəvvür edin: Rəqib şirkətin rəhbərinin adından yayılan saxta ("deepfake") audio və ya video bəyanat şirkətin səhmlərini çökdürə və ya müştəri etimadını bir gecədə məhv edə bilər. Bəli, texnoloji baxımdan adi gözlə ayırd etmək qeyri-mümkün dərəcədə çətinləşəcək. Əvvəllər süni intellekti büruzə verən texniki qüsurlar (məsələn, qəribə göz qırpma, bulanıq kənarlar) sürətlə aradan qalxır. Lakin bu, birtərəfli proses deyil. Bənzər konrenti yaradan texnologiya inkişaf etdikcə, onu aşkarlayan (detection) texnologiyalar da paralel olaraq inkişaf edir. Gələcəkdə mübarizə adi insanın gözü ilə deyil, alqoritmlər səviyyəsində gedəcək. Biz "məzmunun mənşəyi" deyilən yeni bir reallığa qədəm qoyuruq. Bu o deməkdir ki, gələcəkdə etibarlı mənbələr (media orqanları, rəsmi qurumlar, məsuliyyətli brendlər) öz məzmunlarını xüsusi "rəqəmsal imza" ilə təsdiqləməli olacaqlarını düşünürəm. Həqiqəti qorumaq artıq tək bir qurumun işi deyil, bu, kollektiv məsuliyyətdir. Bunun üçün əsas iki istiqamət var:
1. Fərdi Məsuliyyət. Ən güclü müdafiə xəttimiz tənqidi düşüncə və media savadlılığıdır.
2.Platforma və Korporativ Məsuliyyət. Sosial şəbəkələr və texnologiya platformaları sadəcə vasitəçi olmaqdan kənara çıxmalı, məsuliyyəti öz üzərlərinə götürməlidirlər. Onlar süni intellekt ilə yaradılan məzmunu aydın şəkildə etiketləməli və zərərli dezinformasiyanın yayılmasının qarşısını texnoloji olaraq almalıdırlar. Texnologiya özü "pis" deyil, ondan istifadə məqsədi və üsulu həlledicidir”.
Səadət Əlizadə
