Gizlənən təhlükə: Görünməyən yol nişanları qəzalara yol açır
Yollarda təhlükəsiz hərəkətin əsas şərtlərindən biri sürücülərin yol nişanlarını vaxtında və aydın şəkildə görməsidir. Lakin bəzi ərazilərdə ağaclar, reklam lövhələri, tikinti obyektləri və ya baxımsızlıq səbəbindən yol nişanları sürücülərin gözündən yayınır. Bu isə sürət həddinin aşılması, qəfil manevrlər və nəticədə yol-nəqliyyat hadisələrinin artmasına səbəb olur. Mütəxəssislər bildirir ki, görünməyən və ya qismən örtülmüş nişanlar sürücülər üçün ciddi risk yaradır və bu problemə operativ müdaxilə vacibdir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, yol nişanlarının görünməməsinə səbəb olan amillər əsasən infrastrukturun düzgün idarə olunmaması və texniki baxımsızlıqla bağlıdır:
“Ən çox rast gəlinən hallardan biri yol kənarındakı ağac və kolların vaxtında budanmaması nəticəsində nişanların örtülməsidir. Bununla yanaşı, reklam lövhələrinin və müxtəlif bannerlərin nizamsız və standartlara uyğun olmayan şəkildə yerləşdirilməsi sürücünün baxış bucağını məhdudlaşdırır. Tikinti işləri zamanı müvəqqəti maneələrin yaradılması və nişanların ya tam örtülməsi, ya da düzgün yerləşdirilməməsi də ciddi problemlər yaradır. Bəzi hallarda isə nişanlar uzun müddət yenilənmədiyi üçün solur, çirklənir, əyilir və ya fiziki zədələrə məruz qalır. Eyni zamanda nişanların yolun relyefinə, hərəkət istiqamətinə və sürücünün reaksiyasına uyğun məsafədə quraşdırılmaması onların vaxtında seçilməsini çətinləşdirir. Görünməyən və ya qismən örtülən yol nişanları ən çox təhlükəli və qəfil qərarlarla nəticələnən yol-nəqliyyat hadisələrinə səbəb olur. Sürücü nişanı vaxtında görmədikdə sürət həddini aşır və ya ani tormozlama edir ki, bu da arxadan toqquşmalara gətirib çıxarır. Yol ayrıcılarında üstünlük qaydalarını bildirən nişanların görünməməsi yan toqquşma riskini artırır. Qadağanedici və ya məhdudlaşdırıcı nişanların seçilməməsi isə təhlükəli ötmə manevrlərinə səbəb olur. Xüsusilə piyadaların keçidi ilə bağlı nişanların görünməməsi piyadaların vurulması riskini yüksəldir. Belə hallarda sürücülər qərarlarını gecikdirir və ya səhv istiqamətdə hərəkət edir ki, bu da zəncirvari qəzalara və daha ağır nəticələrə səbəb ola bilər”.
Banuçiçək Məmmədova