Gələn il Çin və Azərbaycan arasında strateji tərəfdaşlıq böyük potensiala malik olacaq
2026-cı ildə Çin və Azərbaycan arasında hərtərəfli strateji tərəfdaşlıq geniş perspektivlərə və böyük potensiala malik olacaq. Bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey ilin yekunlarına həsr olunmuş brifinqdə bildirib.
Mövzu ilə bağlı iqtisadçı Pərviz Heydərov "İnformator.az"a açıqlamasında bildirib ki, Çin Azərbaycana idxalda birinci yeri tutur:
"Çinlə Azərbaycan arasında əməkdaşlıq üçün böyük potensial var. Biz bu potensialın hələ ki, yalnız çox cüzi bir hissəsindən istifadə edirik. Artıq bir müddətdir məlumdur ki, Çin Azərbaycana idxalda birinci yeri tutur. Yəni bizim üç əsas ticarət tərəfdaşımız var. Əməkdaşlıq və iqtisadi əlaqələr baxımından Rusiya, Türkiyə və Çindir. Uzun müddət Azərbaycana ixracda birinci yer Rusiyaya məxsus idi, lakin artıq bir müddətdir ki, bu mövqeyi Çin əldə edib. Çinin Azərbaycanın bazarına verdiyi dəyər və qiymət hamıya məlumdur. İki dövlət arasında qarşılıqlı siyasi əlaqələr də özünü göstərir".
Xədicə Məhərrəmli
