“Gələn il neftin qiyməti azala bilər”
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,77 ABŞ dolları, yaxud 1,18 % artaraq 66,05 ABŞ dolları təşkil edib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin yanvar fyuçerslərinin qiyməti 64,28 ABŞ dolları təşkil edib.
Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov "İnformator.az"a açıqlamasında bildirib ki, növbəti illərdə neftin qiyməti aşağı ola bilər:
"Azərbaycan neftinin qiymətindəki son artım hələ ki sabit bir trend deyil. Qiymət dalğalanmalarını trendlərlə qarışdırmaq olmaz. Qısamüddətli dəyişikliklər əhəmiyyətlidir, amma biz uzunmüddətli trendlərə baxmalıyıq. Hazırda proqnozlar göstərir ki, gələn il neftin qiyməti azala bilər. Bəzi proqnozlar 50 dolların altını, hətta 30 dolları belə göstərir. Bunun əsas səbəbləri bunlardır: OPEC+ ölkələri arasında intizamının pozulması, ABŞ-nin şəl nefti hasilatını artırması və bazara daha çox neft çıxarması, qlobal tələbin azalması, xüsusilə Çin və Avropada iqtisadiyyatın zəifləməsi, bərpa olunan enerjiyə tələbatın artması, onun istehsal və istifadəsi artması. Bu fonda neftə olan tələbat azalır və qiymətin enməsi normal hal kimi qiymətləndirilə bilər. Azərbaycan neftinə gəldikdə isə, bir müddət əvvəl bəzi reputasiya problemləri yaşanıb. İndi bu reputasiya bərpa olunur və bu da qiymət artımına müəyyən dərəcədə səbəb olur. Neft dünya bazarında bahalaşarsa ordan tutulan vergilər varki, həmin vergilər hesabına Azərbaycan büdcəsi təxminən 100 milyon dollar arta bilər. Fərqli neftlərin dərəcələri müxtəlif olduğundan onlara tələbatda fərqli olur. Fərqli neft növlərinin sıxlığı, kükürd tərkibi fərqlidir. Bu fərqlər onların emal prosesinə, çıxan məhsulun həcminə və keyfiyyətinə təsir edir. Bütün xam neftlər emal zavodlarına göndərilir, lakin zavodlar bu neftləri fərqli qiymətlərlə qəbul edirlər. Səbəb isə onlardan alınan benzin, dizel və digər yanacaq məhsullarının həcminin və keyfiyyətinin fərqli olmasıdır. Məsələn, bəzi neftlərdən daha çox məhsul alınır, bəzilərindən isə az.Eyni zamanda, bəzi neftlərin tərkibində korroziv və abraziv maddələr olur ki, bu da zavod avadanlıqlarına ziyan vurur. Belə neftlərin emalı əlavə xərclər tələb etdiyindən qiyməti daha ucuz olur. Məsələn, Azəri Light nefti aşağı kükürd tərkibli və yüngül neft sayılır. Bu onun həm emalını asanlaşdırır, həm də avadanlıqlara zərər vermir. Bu səbəbdən də qiyməti yüksək olur".
Günel Əlili
