Gənclər arasında könüllülüyə maraq artır
Son illərdə könüllülük proqramları gənclər arasında öz aktuallığını daha da artırıb. Gənclər bu proqramlarla həm asudə vaxtlarını səmərəli keçirir, həm də özlərini inkişaf etdirərək təcrübə qazanırlar.
Könüllülərindən biri olan Züleyxa Şəfiyeva “İnformator.az” a açıqlamasında könüllülüklərin ona çox müsbət təsir göstərdiyini bildirib:
“Könüllülük fəaliyyətlərimdə həm yeni dostlar qazanıb, həm də özümü fərqli sahələrdə sınamaq imkanı əldə etdim. Mən tələbəyəm və artıq bir müddətdir könüllülük proqramlarında iştirak edirəm. Universitet dərsləri ilə yanaşı cəmiyyət üçün nəsə etdiyimi bilmək motivasiyamı artırır. Düşünürəm ki, hər bir gənc heç olmasa bir dəfə könüllülük təcrübəsi yaşamalıdır. Çünki insanı həm gücləndirir, həm də gələcək karyera üçün böyük təcrübə verir”.
Günel Məmmədova isə könüllülüyə böyük həvəslə başlayıb, lakin indi bir az yorulduğunu hiss edib:
“Bir tərəfdən təcrübə qazanıram, yaxşı insanlarla tanış oluram, amma digər tərəfdən vaxtım demək olar qalmır. Lakin yenə də könüllülük fəaliyyətimə davam edirəm”.
Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev qeyd edib ki, könüllülük təcrübəsi gənclərin karyera və şəxsi inkişaf prosesində mühüm rol oynayan amillərdən biridir:
“Könüllülük zamanı müxtəlif sahələrdə real iş mühiti ilə tanış olan gənclər hansı sahələrin onların bilik və maraqlarına uyğun olduğunu daha dərindən dərk edir, şəxsi potensiallarını daha obyektiv qiymətləndirmə imkanı qazanırlar. Eyni zamanda, ünsiyyət, komanda işi, liderlik, problem həll etmə kimi əmək bazarında yüksək dəyər daşıyan yumşaq bacarıqların təkmilləşdirilməsi könüllülüyü karyera baxımından daha da əhəmiyyətli edir. Bu proses həm də şəbəkələşmə imkanları yaradır ki, bu da gənclərin gələcək iş və təcrübə proqramlarına çıxışını asanlaşdırır. Son illərdə könüllülük hərəkatının gənclərə təsir dinamikasında nəzərə çarpacaq dəyişikliklər baş verib. Könüllülük təsadüfi fəaliyyət deyil, dövlət tərəfindən dəstəklənən, peşəkar şəkildə qurulmuş proqramlar vasitəsilə həyata keçirilən bir hərəkatdır. Dövlətin bu sahəyə xüsusi diqqət yetirməsi nəticəsində könüllülük gənclər üçün daha əlçatan olub, müxtəlif dövlət qurumları, layihələr və kütləvi tədbirlər çərçivəsində minlərlə gəncə iştirak imkanı yaradılıb. Tətbiq edilən proqramlar gənclərin həm sosial fəallığının, həm də peşəkar inkişafının dəstəklənməsinə xidmət edir. Sevindirici haldır ki, ölkəmizdə hazırda sistemli və dinamik inkişaf edən könüllülük hərəkatı mövcuddur, könüllülərin sosial və ictimai xidmətlər sahəsində mühüm töhfəsi aydın şəkildə hiss olunur”.
Nuray Əliyeva
