Gənclər arasında sosial izolyasiya artır
Son illər gənclər arasında sosial izolyasiyanın artması həm psixoloji, həm də sosial baxımdan narahatlıq doğuran mövzuya çevrilib.
Mövzu ilə bağlı sosioloq Naib Niftəliyev “İnformator.az”a bildirib ki, qloballaşma dövründə gənclər arasında izolyasiyadan çox fərdiləşmə meyilləri güclənir:
“Azərbaycan gəncləri arasında sosial izolyasiya geniş yayılmayıb. Statistikalarda müəyyən artım müşahidə olunsa da, bu daha çox fərdi amillərlə bağlıdır. Sosial kapitallaşma şəraitində hər kəs daha yaxşı yaşamaq, daha əlverişli mövqe tutmaq istəyir. Buna görə gəncləri sosial təcridə yuvarlanmaqda ittiham etmək düzgün deyil. Texnologiyaların inkişafı izolyasiyanı dərinləşdirən yox, daha çox ünsiyyətin formasını dəyişdirən faktordur. Bu gün istənilən şəxs telefon vasitəsilə sərbəst şəkildə əlaqə yarada bilir. Bu, özünütəcrid deyil, yeni texnologiyalara uyğunlaşmadır. Texnologiyanın inkişafı izolyasiyanı artıran əsas amil kimi görünsə də, əslində sosial təcrid faktoru əvvəlki dövrlərlə müqayisədə zəifləyib”.
Niftəliyev hesab edir ki, rəqəmsallaşma və sosial media gənclərin davranış modelini dəyişdirərək ünsiyyətin strukturunu transformasiya edir. Bu isə bəzən yanlış olaraq “izolyasiya” kimi qiymətləndirilir:
“Əgər texnologiyanın sosiologiyaya təsirini nəzərə alırıqsa, bu gün izolyasiya anlayışı əvvəlki kimi deyil. Gənclər fiziki olaraq bir yerdə olmasalar belə, sosial mühitdən tam qopmurlar. Bununla belə, mütəxəssislər müəyyən risklərin mövcud olduğunu da istisna etmir. Sosial-demoqrafik çətinliklər, psixoloji stress, güzəran problemləri və dəstək çatışmazlığı bəzi gəncləri təcrid riski ilə üz-üzə qoyur. Sosial-demoqrafik xətt üzrə müəyyən qruplar var ki, onların daha çox dəstəyə ehtiyacı var. Bu amillər düzgün idarə olunmadıqda gənclərdə sosial təcrid riskini artırır”.
Fatimə Hüseynli
